Hafiz Məmmədovun təklifi: 10 komandadan ibarət 4 dövrə - MÜSAHİBƏ
05.03.2010 - 14:00
Hafiz Məmmədovun təklifi: 10 komandadan ibarət 4 dövrə - MÜSAHİBƏ
“Bakı” klubunun prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədovun apasport.az saytına müsahibəsi

- AFFA yeni loqosu xoşunuza gəldimi, yoxsa əvvəlki daha yaxşı idi?
- Mənə elə gəlir ki, indiki daha gözəldir. Özü də bu loqo hazırlanandan uğurlarımız da başlayıb. Əvvəlkindən çox gözəldi və bəyəndim.

- Çempionatın hanı sistemlə keçirilməsi ilə bağlı çoxlu müzakirələr gedir. Bununla bağlı sizin fikriniz necədir? Sizcə, “altılıq” özünü doğrultdumu?
- Məncə, doğrultdu. Amma bu məsələyə bir də mövsümün sonunda, mayda AFFA-nın İcraiyyə Komitəsinin iclasında baxacağıq. Nəticələr əldə olunandan sonra yeni qərar veriləcək. Başqa model də tətbiq oluna bilər. İnşallah, bunu mayda biləcəyik.

- Bununla bağlı öz təklifiniz varmı?
- Təklif olsa da, qərar kollektiv şəkildə qəbul olunacaq. Yenə deyirəm ki, İcraiyyə Komitəsinin üzvləri çempionatın sonunda bir daha yığışıb, bu məsələyə baxacaq. Yəqin ki, digər modellər də müzakirə olunacaq.

- Sizin ürəyinizdən hansı sistem keçir? Hansını daha optimal sayırsınız?
- 10 komandadan ibarət 4 dövrə. Bu, şəxsi fikrimdir. Məncə, bu, optimal variantdır. Bunu “altılıq”dan da uyğun hesab edirəm.

- Bir az da komandanız haqda danışaq. “Altılığ”a düşən “Bakı”nın son oyunlarını qənaətbəxş hesab edirsinizmi?
- Yavaş-yavaş inkişaf var. Mənə elə gəlir ki, üç ay əvvəllə müqayisədə yaxşıdır. Düzdür, Moskvada “Birlik kuboku”nda bərabər kədərləndik. Ancaq artıq bunu unutmuşuq. Fikrimcə, futbolçular, komanda yavaş-yavaş özünə gəlir. Arzumuz odur ki, “altılıq” başlayan kimi bir yerdə fərqli, gözəl oyun nümayiş etdirən bir “Bakı” görək.

- Yeni transferləriniz birmənalı qarşılanmadı. Sizcə, onlar ümidləri doğruldurmu?
- Buna birmənalı cavab vermək olmur. Yenə də zaman var. Özlərini göstərmək üçün üzərlərində çalışmalıdırlar. Hesab edirəm ki, yeni transferlərdən razı qalmaqla bağlı qərarımızı bir müddətdən sonra qəbul edəcəyik.

- Ola bilər ki, klub rəhbərliyi də bu məsələdə öz tövsiyələrini versin?
- Mənə elə gəlir ki, bu, olacaq. İnşallah, yayda yeni transfer müddətində rəhbərlik də öz fikirlərini deyəcək. Bilirsiniz ki, qışda bu məsələni tamamilə komandanın üzərinə qoyduq. Yayda rəhbərlik də məşqçilərlə birgə yeni futbolçuların seçimində öz fikirlərini söyləyəcək.

- Cari mövsümdə komandanızdan hansı nəticəni gözləyirsiniz?
- Həmişəki kimi, yüksək nəticə. Yəni kuboku qazanmağı da gözləyirik, çempionluğu da. “Altılığ”ın başlanmasına qısa müddət qalıb. İnşallah, ilk oyunlardan sonra hər şey bəlli olacaq.
0