“Qoy Azərbaycan xalqı sevinsin ki...” - FOTO
05.03.2010 - 14:35
“Qoy Azərbaycan xalqı sevinsin ki...” - FOTO
“AFFA-nın qərarları çox yaxşıdır. Bu gün müzakirə olunan bütün məsələləri ürəkdən alqışlayır, qəbul olunan qərarlara görə çox şadam. Gələcəyə böyük ümidlərlə, çox nikbin baxıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvü Kazbek Tuayev deyib.

Son vaxtlar əsas müzakirə olunan çempionatın sistemi ilə bağlı məsələ İK-nın bugünkü iclasında baxılıb. Ancaq Tuayev təmsil etdiyi qurumun müəyyənləşdirmək səlahiyyətinə malik olduğu çempionatın sistemi ilə bağlı məsələyə ehtiyatla yanaşır: “Gəlin, reqlamentlə bağlı hələ tələsməyik. Ancaq çox yaxşı reqlament olacaq. Mən bunu ürəkdən dəstəkləyirəm. İndi durub sizi deməyəcəyəm ki, 10 komandadan ibarət 4 dövrə olacaq, yaxud başqası. Ancaq reqlamentlə bağlı təklifi AFFA prezidenti Rövnəq Abdullayev etdi və mən də buna dəstək verirəm. Abdullayevin təklifini optimal sayıram. Qoy buna AFFA prezidentinin özü qərar versin”.

Tuayev bu gün qəbul etdikləri AFFA-nın yeni loqosunu əla sayır: “Əvvəlkindən daha yaxşı olduğu deyə bilmərəm. Ancaq ümumilikdə götürdükdə yaxşıdır. Orada bizim atributlar var. Hər şey dəqiq hazırlanıb, göstərilib”.

Tuayev iki dəfə baş məşqçisi olduğu milli komandamızla bağlı dəfələrlə radikal çıxış edib. Milliləşdirmə siyasəti, ölkə futbolumuzda əcnəbilərin çoxluğundan narazı olduğunu gizlətməyən 70 yaşlı veteran hücumçu yığmamızın son çıxışlarını yüksək qiymətləndirir: “Milli komanda dalbadal udanda məgər pis olur? Əlbəttə, qələbələrimizə sevinmək lazımdır. Bu, bizim üçün bir xoşbəxtlikdir. Şəxsən mən son nəticələrimizdən zövq qaldım. Milli komandamız ardıcıl üç oyundur qələbə qazanır, 21 yaşlılardan ibarət yığmamız Şotlandiya ilə səfərdə 2:2 hesablı heç-heçə etdi. Bütün bunlar çox yaxşı nəticədir. Hərçənd, hesab edirəm ki, güclü komandalarla oynamaq lazımdır. Bununla demək istəmirəm ki, son rəqiblərimiz zəif idi. İstənilən halda, biz onlara qalib gəldik. Bax, bu, əsas məsələdir. Qoy Azərbaycan xalqı sevinsin ki, futbolçumuz yaxşı səviyyəyə doğru yüksəlir. Ümidləri doğrultmaq lazımdır. Futbolumuzun gələcəyi mütləq yaxşı olacaq”.

Qeyd edək ki, milli komandamız ilk rəsmi qələbəsini məhz Tuayevin vaxtında - 1996-cı ilin avqustun 31-də Bakıda güclü İsveçrə yığmasını 1:0 hesabı ilə məğlub etməklə qazanıb.
0