Allan Lalin: Hondurasda futbol şouya bənzəyir – MÜSAHİBƏ
05.03.2010 - 15:07
Allan Lalin: Hondurasda futbol şouya bənzəyir – MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun futbolçusu Allan Lalinin apasport.az saytına müsahibəsi

- Əvvəllər formasını geyindiyiniz Honduras milli komandası ilə Azərbaycan yığmasının yoldaşlıq oyununda görüşəcəyi haqda xəbəri necə qarşıladınız?
- Bunun gözlənilməz olduğunu deyə bilmərəm. Həmişə fikirləşirdim ki, görəsən, Azərbaycanla Honduras qarşılaşsa, necə olar? Yoldaşlıq oyunlarının keçirildiyi vaxtlar yığmamız rəqib tapmayanda düşünürdüm ki, Azərbaycanla oynamaq olar. İndi bunun gerçəkləşdiyini eşidəndə, çox sevindim. Azərbaycan yığması hazırda inkişafdadır. Son iki yoxlama oyunundakı qələbələr də bunu təsdiqlədi.

- Azərbaycan milli komandasına qarşı oynamaq istəyirsiniz?
- Əlbəttə. Bu matç dünya çempionatının final mərhələsi ərəfəsindəki toplanışa təsadüf edəcək. Həmin matçda iştirak etmək, CAR-a gedən heyətdə yer almaq deməkdir. Çağırsalar, deməli mundialda da iştirak edəcəyəm. İnşallah, həmin vaxtadək “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan çempionu da olaram.

- Xeyli vaxtdır Honduras yığmasından dəvət almırsınız. Azərbaycanla oyuna çağırılmağa ümidiniz, DÇ-də iştirak perspektivinizi necə dəyərləndirirsiniz?
- Fikrimcə, bütün futbolçuların həmin heyətə düşmək şansları bərabərdir. Mən isə “Xəzər-Lənkəran” kimi güclü komandada oynayıram. Dünya çempionatına getmək, Azərbaycan yığmasına qarşı oynamaq, mənim üçün əlavə bir stimuldur. Məsuliyyəti tam dərk edərək, millidən dəvət almaq üçün çalışacağam.

- Azərbaycan və Honduras milli komandalarını müqayisə edə bilərsiniz?
- Bu iki komanda tam fərqli futbol oynayır. Təkcə Azərbaycanda deyil, bütün Avropada ağıllı futbola üstünlük verirlər. Yəni, ilk sırada taktiki, fiziki hazırlıq durur. Bizdə isə belə deyil. Cinahlarda, meydanın hər yerində fəal oyuna üstünlük verilir. Orada futbol şouya bənzəyir, yaradıcı, gözəl oyun nümayiş olunur.
0