Sabiq “Barselona”lı milli komandamıza qiymət verdi
05.03.2010 - 16:06
Sabiq “Barselona”lı milli komandamıza qiymət verdi
Avstriya futbolunun əfsanəsi Hans Krankl Azərbaycan yığmasını zəif rəqib sayır. Apasport.az saytının məlumatına görə, 57 yaşlı futbol veteranı yoldaşlıq oyununda Danimarka ilə qarşılaşan yığmasının oyununa yüksək qiymət verib.

1973-85-ci illərdə millidə keçirdiyi 69 matça 34 qol vurmaqla, komandanın tarixində ikinci bombardir olan Krankl həmyerlilərinin Avro-2012 perspektivinə də inanır. Azərbaycan yığması ilə eyni qrupda yer alan avstriyalıların canlı əfsanəsi millimizlə qarşılaşmalar haqda həddən artıq nikbin fikirdədir: “Siz buna inanmalısınız ki, Azərbaycan və Qazaxıstanla oyunlarda biz qalib gələcəyik. Çünki bu matçlarda qələbə vacibdir. Avro-2012-nin final mərhələsinə vəsiqənin taleyi də bu görüşlərdəki qələbələrdən asılı olacaq. Düzünü deyim ki, millimiz indi-indi keyfiyyətli oyun göstərməyə başlayır. Biz seçmə mərhələdə sizi təəccübləndirəcəyik”.

Qeyd edək ki, klub karyerasında 392 qol vuran Krankl İspaniyanın “Barselona” komandasında da yüksək məhsuldarlıq nümayiş etdirib. O, Kuboklar Kubokunu qazandığı klubda 46 matça 34 qol vurub.
0