Mahir Məmmədov: “Altılıq” sistemi dəyişməyə bilər
05.03.2010 - 17:00
Mahir Məmmədov: “Altılıq” sistemi dəyişməyə bilər
“AFFA-nın əvvəlki loqosunun mənəvi cəhətdən köhnəlməsi, rəng çalarlarının qeyri-qənaətbəxşliyi, topun heç bir müasir və köhnə standartlara uyğun gəlməməyi, bəzi digər milli koloritlərin olmamağı haqda uzun müddət çox fikirlər səslənirdi. Hərçənd, köhnə loqo öz dövrünü yaşadı, Azərbaycan futbolu üçün xidmət etdi. Yeni loqonun yaranması doğrudan da çox zəruri idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədov deyib.

AFFA-nın yeni loqosu ilə bağlı müzakirələrdə çoxlu variantlar olduğunu deyən Məmmədov seçimi belə izah edib: “İki aya yaxın müddətdə müzakirələrə qoşulmuşduq. Ən xoşagəlimlisi seçildi və yekdilliklə qəbul olundu. Məncə, bu loqo həm milli koloritlərimizə, həm UEFA-nın müəyyən standartlarına cavab verir. Orada əks olunan ad-alov bizim tarixdir. Ümumiyyətlə, vizual kənardan baxanda göz oxşayır. Bu, hər yerdə çox gözəl görünür”.

Məmmədov bildirib ki, bundan sonrakı reallıqlar, “altılığ”ın müqəddəratı haqda müəyyən fikirlər var: “Belə qərara gəldik ki, məsələyə mayda qayıdaq. Həmin vaxt İK-da yenidən yığışıb, müzakirə edərik. Sistem təkrar oluna da bilər, olunmaya da. AFFA prezidenti Rövnəq Abdullayev da çempionatın sistemi ilə bağlı müzakirələrdə fəal iştirak etdi, müəyyən maraqlı fikirlər səsləndirdi. Bunu əvvəlcədən açıqlamaq istəmirəm. Ancaq belə ehtimal var ki, müəyyən düzəlişlərlə dairəvi sistemə qayıdaq. May ayı yeni, son müzakirəyə qayıtmaq üçün yaxşı bir vaxtdır. Həmin vaxt sistemin dəyişdirilməsinin gerçəkləşib-gerçəkləşməyəcəyini dəqiq biləcəyik. Buna görə də gəlin tələsməyək. Bu, AFFA, PFL-in səlahiyyətində olan bir məsələdir. Əlbəttə, futbolun, klubun maraqlarını, çempionatımızın baxımlılığı olması, azarkeşlərin cəlb edilməsi amilini əsas götürüb, məsələni həll edəcəyik”.
0