“Setubal”ın futbolçumuza 1 milyon avro borcu varmış
05.03.2010 - 17:30
“Setubal”ın futbolçumuza 1 milyon avro borcu varmış
Portuqaliyanın “Setubal” klubu azərbaycanlı futbolçuya görə güclülər dəstəsindən kənarlaşdırıla bilər. Apasport.az saytının məlumatına görə, bu ölkənin vergi orqanları komandanın Vəli Qasımovla bağlı böyük məbləğdə borcunun olduğunu aşkara çıxarıb. Bunu iddia edən “Asesoramiento Deportivo” şirkəti “Setubal”dan adıçəkilən qurumlara şikayət edib. 42 yaşlı futbolçumuzun maraqlarını müdafiə edən vəkili Duarte Kosta müştərisinin hüquqlarının bərpasına nail ola bilib.

Məsələ ondadır ki, Setubal təmsilçisi 2001-ci ildə Qasımovun yapışqanlarda şəkli olan kitabları satışa çıxarıb. Bütün bunlar da futbolçunun və onun imici ilə bağlı müəllif hüquqlarını qoruyan şirkətin icazəsi olmadan baş verib.

Məsələni araşdıran vergi orqanları “Setubal”ın qarşı tərəfə 1 milyon 117 min 775,43 avro ödəməli olduğunu müəyyənləşdirib. Dövlət qurumunun məsələ ilə bağlı sənədləri məhkəməyə təqdim etməsindən sonra müvafiq qərar çıxarılıb. Qərara əsasən “Setubal” bu il aprelin 30-na kimi borcunu ödəməlidir. Əks təqdirdə, güclülər dəstəsinin autsayderlərindən olan komandaya Portuqaliya Futbol Federasiyasının da sərt cəzaları tətbiq oluna bilər. Söhbət Qasımovun sabiq komandasının peşəkar statusundan məhrum edilməsindən gedir.

Maraqlıdır ki, “Setubal”ın prezidenti Fernando Oliveyra bütün bunların yalan olduğunu bildirib. O, qalmaqalın növbəti turun “Braqa” ilə oyununa ərəfəsində bilərəkdən gündəmə gətirildiyini düşünür.

Qeyd edək ki, “Setubal”da iki il çıxış edən Qasımov 1997/98 mövsümündə 24 matça 11, növbəti çempionatda isə 17 qarşılaşmaya 4 qol vurub.
0