Kamran Ağayev ən azı iki həftə oynamayacaq
05.03.2010 - 17:51
Kamran Ağayev ən azı iki həftə oynamayacaq
“Kamran Ağayevin zədəsini bu gün müayinədən keçirdik. Ancaq cərrahların da nəzərdən keçirdiyi həmin müayinə dəqiq bir şey göstərmədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş həkimi Boris Xetaqurov deyib.

Lənkəran klubu ilə yanaşı, milli komandamızın da əsas qapıçısı olan Kamran srağagün Lüksemburqda keçirilən yoldaşlıq görüşündə aldığı zədə nəticəsində 21-ci dəqiqədə əvəzlənməli oldu. Nəticədə Azərbaycan kuboku uğrunda “Qarabağ”la səfər oyununa aparılmayan 24 yaşlı qapıçı hələ bir müddət komandasına kömək edə bilməyəcək. Xetaqurov onun təkrar müayinəsinə ehtiyac görür: “Kamran həmin epizodda yerə uğursuz düşdü və nəticədə köhnə zədəsini təzələdi. Onun əvvəl də diz nahiyəsində problemi var idi. Orada şiş olmasa da, ağrılar var. Menisk zədəsinə oxşasa da, bunu dəqiq demək olmaz. Hazırda müalicə olunan Ağayev fizioterapiya keçir. Bir həftə sonra təkrar müayinə nəticəsində dəqiq bir şey söyləyə bilərik. İlkin diaqnoza görə Kamran ən azı iki həftə yaşıl meydandan kənarda qalacaq”.

Qeyd edək ki, Karman bu müddətdə “Qarabağ”la 1/4 final mərhələsinin cavab oyununu, habelə “altılıq”da “Qəbələ” ilə ev, “İnter”lə səfər görüşlərini buraxacaq. Onu həmin bu müddətdə təcrübəli həmkarı, 36 yaşlı Dmitri Kramarenko əvəzləyəcək.
0