Azərbaycan klubu “Çelsi”, “Beşiktaş”, “Portu” və “Köln”ə qarşı
05.03.2010 - 18:18
Azərbaycan klubu “Çelsi”, “Beşiktaş”, “Portu” və “Köln”ə qarşı
“Qəbələ” klubu Türkiyədə beynəlxalq turnirə dəvət alıb. Apasport.az saytının məlumatına görə, gələn ay beynəlxalq arenada ilk addımlarını atacaq bu komandanın azyaşlı futbolçuları qardaş ölkədə I Beynəlxalq Kuşadası turnirində iştirak edəcək.

Aprelin 1-dən 4-dək keçiriləcək yarışa 13 yaşlılardan ibarət komanda (U-13) dəvət alıb. Təşkilatçılar Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaşa Türkiyəyə son səfəri zamanı qəbələliləri bu turnirdə görmək istədiklərini bildirib. Təşkilatçı şirkət olan "Pro-Active Spor Organizasyon"un bu dəvəti klub tərəfindən müsbət qarşılanıb.

1997-ci il təvəllüdlü futbolçuların qatılacağı yarışda 24 komanda iştirak edəcək. Onlar arasında İngiltərənin "Çelsi", "Midlsbro", Portuqaliyanın "Portu", Almaniyanın "Köln", Hollandiyanın PSV, Rumıniyanın "Styaua" kimi məşhur klublar olacaqlar.

Türkiyə Superliqasından “Fənərbaxça”, “Beşiktaş, “Trabzonspor”, “Bursaspor”, “Ankaragücü”, aşağı diviziondan “Əskişəhərspor”, “Samsunspor”, “Ankaraspor”, “Altay”, “İzmirspor”, “Çanaqqala Dardanelspor”, “Buca Gənclər Futbol Akademiyası”, “Turqutluspor”, habelə “London” (İngiltərə), “Berlin” (Almaniya), “Nigeriya” (Nigeriya) “TSV Kleynburqvedel” (Almaniya) klublarının mübarizə aparacağı turnir "Qəbələ" üçün beynəlxalq arenada ilk sınaq, böyük təcrübə olacaq.

Turnirin əsasnaməsinə görə, protokola 16 oyunçunun adı daxil ediləcək və bunlardan böyüklərdə olduğu kimi 11-i meydana çıxacaq. Oyunlar 25 dəqiqədən ibarət bir hissə dən ibarət olacaq. Bir komanda ən azı 7 görüşdə iştirak etmək imkanına malikdir.

Qeyd edək ki, "Qəbələ"nin U-13-ü bu yaş liqada Şimal-Qərb və Qarabağ zonasında 1-ci yerdə gedir. Komanda yüz faizlə nəticə ilə(7 oyunda 7 qələbə, topların fərqi 22-0) bütün rəqiblərini arxada qoyub.
0