PFL “Olimpik-Şüvəlan”la AFFA-nın arasını vurdu
06.03.2010 - 00:48
PFL “Olimpik-Şüvəlan”la AFFA-nın arasını vurdu
“Olimpik-Şüvəlan” rəhbərliyi bəyanat yayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, toplantıda qərarların qəbulu prosesində heç də bütün təşkilatların nümayəndələri iştirak edə bilməyib.

“Konkret olaraq, “Olimpik-Şüvəlan” klubu səsvermə hüququndan məhrum edilib. Klubumuzu təmsil edən prezident Vaqif Qasımova mandat verilmədiyindən, səsvermədə iştirak edə bilməyib. AFFA-da bunun səbəbi kimi klubların təmsilçiliyinin Peşəkar Futbol Liqası (PFL) tərəfindən müəyyən edildiyini və PFL-in konfransa göndərdiyi siyahıda “Olimpik-Şüvəlan”ın səs hüququna malik olmamasını göstərib. Təbii ki, Premyer Liqada çıxış edən “Olimpik-Şüvəlan”ın AFFA-nın ali idarəetmə orqanı sayılan Konfransda öz dərdini deyə bilməməsi, ölkə futbolunun problemlərinin müzakirə və həllindən kənarda qoyulması başa düşülən deyil” – deyə bəyanatda bildirilir.

Bununla razılaşmayan “Olimpik-Şüvəlan” rəhbərliyinin fikrincə, onların da futbolumuzun idarəçiliyi, peşəkar futbolun problemləri, çempionatın keçirilməsi və digər məsələlərə dair ciddi təklifləri var idi: “Biz bunları Konfrans iştirakçılarının müzakirəsinə təqdim etmək istəyirdik. Ancaq bu imkanlarımız əlimizdən alındı. Hər halda AFFA və PFL-in bu addımına belə qiymət verə bilərik. Sual olunur: PFL Premyer Liqada çıxış edən 12 klubdan 9-na səsvermə hüququ verərkən, hansı prinsipə əsaslanıb? Belə çıxır ki, “Olimpik-Şüvəlan” PFL-in üzvi deyil və bu qurumun formalaşmasında heç bir rolu olmayıb”.

Bəyanatın sonunda qeyd olunur ki, heç bir tutarlı səbəb olmadan “Olimpik-Şüvəlan”ın ümumi proseslərdən kənarda qalması komandanın nüfuzuna zərbədir. Ona görə də klub rəsmi mövqeyini açıqlamaqla, bu hadisəyə ciddi etiraz və məsələyə bir daha aydınlıq gətiriləcəyinə ümid edir.
0