“Məni sanki qatar vurdu”
06.03.2010 - 12:07
“Məni sanki qatar vurdu”
Böyük Britaniyalı futbolçu Mark Çepmen həbs olunub. Apasport.az saytının məlumatına görə, “Uilteppers” klubunda çıxış edən 20 yaşlı həvəskar oyunçu sürüşmə fəndinin qurbanı olub. “Linq Louford”la matçda sürüşmə fəndini həddən artıq kobud şəkildə edən Çepmen 6 aylığa həbs cəzasına məruz qalıb.

Mark görüşün son saniyələrində auta çıxan topu gövdəsi ilə saxlayan rəqib müdafiəçi Terri Consona arxadan kobudluq edib. Nəticədə o, dərhal qırmızı vərəqə alaraq meydandan qovulub, rəqibinin ayağı isə iki yerdən sınıb. Conson həmin epizodu belə xatırlayır: “Məni sanki qatar vurdu. Mən xırtıltı eşitdim. Elə fikirləşdik ki, ayağımdakı qoruyucu qırıldı. Ancaq əslində sınan mənim ayağım idi”.

Məhkəmə Markın hərəkətini amansızlıq kimi qiymətləndiyi üçün sərt qərar çıxarıb. Bununla da Çepmen Britaniyada kobud sürüşmə fəndinə görə həbsxanaya düşən ilk futbolçuya çevrilib. Buna qədər “Dumanlı Albion”da futbolçular yalnız dava etdiklərindən, həbsxanaya salınıblar.

Qeyd edək ki, ixtisasca elektrik olan Consonun sağalmasına il yarım vaxt lazımdır. Özü də o, daha futbol oynaya bilməyəcək. Bundan əlavə, iş qabiliyyətini itirən Terri rəfiqəsi və 3 və 4 yaşında qızlarını maddi baxımdan təmin etmək imkanından məhrum olub.
0