“Meydanda baş verənləri sensasiya adlandırmaq düzgün deyil” - MÜSAHİBƏ
06.03.2010 - 14:12
“Meydanda baş verənləri sensasiya adlandırmaq düzgün deyil” - MÜSAHİBƏ
Azərbaycan yığmasının sabiq futbolçusu Vəli Qasımovun apasport.az saytına müsahibəsi

- "Neftçi"nin idman direktoru vəzifəsindən gedəndən sonra hansı işlə məşğulsunuz?
- Mən İspaniyadan Azərbaycana Əkbər Hacıyevin dəvəti ilə "Neftçi"də çalışmaq üçün gəlmişdim. Bu klubdakı fəaliyyətim qısa müddəti əhatə etdi. "Neftçi"dən gedəndən sonra bir müddət işsiz qaldım. İndi yenə futboldayam. AFFA-da seleksiyaçı-məşqçi çalışıram. U-15, U-17 liqalarını izləyib maraqlı hadisələri yazıb, AFFA-ya təqdim edirəm.

- Sizin bəyəndiyiniz hər hansı bir uşaq yığma komandaya çağırılıbmı?
- AFFA-da yenicə işə düzəlmişəm. Hələ belə hal baş verməyib. İşimiz oyunları izləməkdir. Biz namizədləri təqdim edirik, onların sonrakı taleyi yığma komandanın məşqçilərindən asılıdır.

- Sizin cari ilin əvvəlindən U-21-də baş məşqçi Bernard Lippertə kömək edəcəyiniz deyilirdi. Bu, nə dərəcədə doğru informasiyadır?
- Barəmdə söz-söhbətlər çox yayılıb. U-21-in məşqçisi olacağım deyilirdi. Amma mənə AFFA-dan bu barədə heç kim heç nə söyləməyib.

- Yəqin ki, U-21-in Avro-2011-nin seçmə mərhələsində səfərdə Şotlandiya ilə keçirdiyi matçın nəticəsindən xəbərdarsınız. 5 oyunda xal qazana bilməyən bir yığmanın şotlandlarla heç-heçə oynaması sizi təəccübləndirmədi?
- Düzü, futbolda istənilən nəticənin qeydə alınması mümkündür. Yaşıl meydançada baş verənləri sensasiya adlandırmaq düzgün deyil. İstənilən rəqiblə başabaş mübarizə aparmaq iqtidarındayıq. Bizim U-21 yığmamız o qədər də güclü deyil. Oyunu canlı izləməmişəm. Oxuduqlarımdan belə qənaətə gəldim ki, millimiz pis təsir bağışlamayıb. Şotlandiya ilə səfərdə bir nəfər azlıqda mübarizə aparıb, heç-heçə etmək gözəl nəticədir. Gənclərin hücum futbolu oynamalarını alqışlamaq lazımdır. Məncə, bu uşaqlar gələcəkdə əsas millinin oyunlarına töhfə verəcəklər.

- Əsas yığmanın İordaniya və Lüksemburqla yoxlama oyunu keçirməsi birmənalı qarşılanmadı. Kimi qələbələrə sevindi, kimi daha güclü komandalarla oynamağı lazım bildi. Sizin bu məsələyə münasibətiniz necədir?
- Mən yığma komandanın siyasətini alqışlayıram. Düzdür, biz Avro-2012-nin seçmə mərhələsində çətin qrupa düşmüşük. Bu o demək deyil ki, gedib İtaliya və İspaniya ilə yoxlama görüşü keçirməliyik. Bu, yığmanın cari ildə ilk təlim-məşq toplanışı idi. Məşqçilər korpusunu ilk növbədə futbolçuların hazırlığı ilə tanış olmağı düşünürdü. Məncə, 10-12 günlük toplanışda Berti Foqts buna nail oldu. İnşallah, qarşıdakı oyunlar zamanı mövcud çatışmazlıqlar da aradan qaldırılacaq.

- Foqts heyətə bir neçə yeni futbolçu dəvət etmişdi. Əfran İsmayılov, Fərid Quliyev kimi gənclər öz oyunları ilə sizdə hansı təəssüratı oyatdı?
- Əfran gənc olmasına baxmayaraq, müəyyən təcrübəyə malikdir. Yığmada debüt oyununda qol vurursa, deməli istedadlıdır və bu formaya layiqdir. Onun oyun üslubunu çox bəyənirəm. Fərid Quliyev yığmanın heyətində keçirdiyi ikinci matçda fərqləndi. Bu, seçimin düzgün olmasına əyani sübutdur. Yəqin ki, Foqts onları çempionat oyunlarında güdüb. Məncə, uşaqların məsuliyyəti daha da artmalıdır. Yığma heç kimin evi deyil. Formaya layiq olan heyətə çağırılır.

- Azərbaycanın ən uğurlu legioner həyat yaşayan futbolçularındansız. Nə əcəb burada bir klubun baş məşqçi postuna dəvət olunmursunuz?
- Düzü, əvvəllər belə təklif vardı. Amma sonluğı olmadı. Bilirsiniz, bu məndən asılı məsələ deyil. Təbii ki, hər bir məşqçi ideyalarını həyata keçirməyə can atar. Bu gün futbolumuzda inkişaf hiss olunur. Artıq çağırılan futbolçular yığma komandaya ürəklə gəlirlər.

- Azərbaycanda təqribən 1 il işsiz qaldınız. Heç ölkədən çıxıb getmək, İspaniyaya və ya Ukraynaya qayıtmaq fikrinə düşmüşdünüz?
- Mən ölkə xaricində yetərincə yaşamışam. Ukraynada başladığım futbolçu karyerama Portuqaliyada son qoymuşam. İşsiz qalsam da Azərbaycana sevgim azalmayıb. Buradan çıxıb getməyi yox, Azərbaycan futbolunun inkişafına yardım etməyi düşünmüşəm. Beynimdə hər zaman bir sual fırlanıb: iddialı futbol ölkələri arasına necə düşmək olar? İşlər belə davam etsə, futbolumuz tezliklə inkişaf edəcək.

- Bildiyimizə görə, İspaniyada yaşayan iki övladınız futbolla məşğul olur. Onların yığma komandalarımıza cəlb edilməsi mümkündür?
- Futbolla peşəkarcasına məşğul olmaq başqa şeydir. Bütün uşaqlar kimi, mənim də övladlarım sadəcə, top arxasınca qaçıb. Onlar futbolçu deyil.
0