Yurgen Klinsmann Lövü yenidən Azərbaycanda görmək istəyir
06.03.2010 - 14:43
Yurgen Klinsmann Lövü yenidən Azərbaycanda görmək istəyir
Tanınmış alman mütəxəssis Yurgen Klinsmann Almaniya milli komandasında keçmiş köməkçisi olan Yoahim Lövü yenidən Azərbaycanda görmək istəyir. Apasport.az saytının məlumatına görə, ötən il “Bavariya” klubu ilə yollarını ayırdıqdan sonra işsiz qalan 46 yaşlı çalışdırıcı bundestimdə baş məşqçi dəyişikliyini zəruri saymır.

Yığmaya DÇ-2006-nın bürünc medalını qazandıran Klinsmannın fikrincə, Lövə Avro-2012-nin seçmə mərhələsində də şans vermək lazımdır: “Ümid edirəm ki, hələlik yeni müqavilə imzalamayan Löv dünya çempionatından sonra da postunda qalacaq. İndiki məşqçilər korpusunu ideal sayıram. İstərdim ki, baş menecer Oliver Birhoff da milli komandada qalsın. Almaniya dünya çempionu titulunu qazana bilər. Ancaq digər favoritlər, məsələn Argentinanı da unutmaq olmaz. Ancaq CAR-da qələbəyə ən əsas namizəd İspaniya yığmasını sayıram”.

Qeyd edək ki, Almaniya Avro-2012-də ilk oyununu sentyabrın 7-də evdə məhz Azərbaycan yığmasına qarşı keçirəcək. Bundestim rəsmi oyun keçirmək üçün Bakıya növbəti il gələcək. Löv ötən seçmə mərhələdə milli komandamızı Tofiq Bəhramov adına Respublika stadionunda 2:0, Hannover şəhərindəki arenada 4:0 hesabı ilə məğlub edib.
0