“Xəzər-Lənkəran” şok, “Neftçi” darmadağın gördü
07.03.2010 - 16:52
“Xəzər-Lənkəran” şok, “Neftçi” darmadağın gördü
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində daha 3 oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, baş tutan qarşılaşmalarda gözlənilməz hesablar qeydə alınıb.

Dünən son ölkə çempionu “Bakı” Sumqayıtın “Standard” klubunu məğlubiyyətə uğrada bilməyib. Bu gün isə “Xəzər-Lənkəran” Ağdamda “Qarabağ”la görüşdə 20-ci dəqiqədə Oparanın sayəsində hesabı açmasına baxmayaraq, sonda qələbəni əldən verib. 59-cu dəqiqədə Rəşad Sadıqov standart vəziyyətdən hesabı bərabərləşdirib. Matçın son saniyələrində isə cənub təmsilçisi şok yaşayıb. Makedoniyalı legioner Teli yaxın məsafədən qol vurmaqla, “Qarabağ”a əzmkar qələbə qazandırıb.

“Neftçi” isə növbəti zərbəni yenə “İnter”dən alıb. Ölkə çempionatında “bankirlər”ə məğlubiyyətin ardından baş məşqçisi Vaqif Sadıqov istefa verən flaqman bu dəfə Arid Əsədovun rəhbərliyi altında darmadağınla üzləşib. Öz meydanında 0:3 hesabı ilə darmadağın olan “Neftçi” artıq kubokla vidalaşa bilər.

Günün digər matçı Zaqatalada baş tutub və “Simurq” – “Olimpik-Şüvəlan” qarşılaşmasında qapılara top vurulmayıb.


7 mart

"Simurq" - "Olimpik-Şüvəlan" - 0:0
Hakimlər: Elnur Muradov, Eldar Nağıbəyov, Azad Q.Hüseynov, Ceyhun Haşımov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

"Neftçi" - "İnter" - 0:3
QOLLAR: Robertas Poşkus, 50; 88; David Odikadze, 72
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Orxan Məmmədov, Anar Salmanov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. (canlı, "İdman Azərbaycan")

"Qarabağ" - "Xəzər-Lənkəran" - 2:1
QOLLAR: Rəşad Sadıqov, 59; Admir Teli, 90+3 - Emeka Opara, 20
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Mübariz Haşımov, Rövşən Əhmədov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. (canlı, AzTV)

6 mart

"Bakı" - "Standard" -1:1

QOLLAR: Fabio Luis Ramim, 59 - Amiran Muciri, 89
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mehman Mahmudov, Rasim Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. (canlı, "İdman Azərbaycan")

0