Əhməd Ələsgərov, Vlastimil Petrjela və Arif Əsədov
09.03.2010 - 11:33
Əhməd Ələsgərov, Vlastimil Petrjela və Arif Əsədov
“Neftçi” müstəqillik dövründə daxili yarışlarda 3-cü böyük hesablı məğlubiyyətini alıb. Apasport.az saytının hesablamalarına görə, ölkə kubokunda ilk dəfə böyük hesabla yenilən “ağ-qaralar” əvvəl iki belə məğlubiyyətə milli çempionatları tarixində düçar olub. “Neftçi” qalibi olduğu ilk ölkə birinciliyində Sumqayıtda yerli “Xəzər” tərəfindən darmadağın edilib – 0:3. Ancaq bununla belə, milli komandamızın da ilk baş məşqçisi olan Əhməd Ələsgərov bakılıları həmin mövsüm qızıl medallara qovuşdurdu, “Xəzər” isə çempionatı gümüş mükafatçı kimi başa vurdu.

Bundan sonra 15 il daxili yarışlarda böyük hesabla uduzmayan flaqman növbəti zərbəni həmşəhərliləri “Bakı”dan aldı. Dördqat ölkə çempionunun həmin görüşdə (1:5) 4 top fərqi ilə uduzduğunu nəzərə alsaq, bu, hələlik ən böyük hesablı məğlubiyyətidir. Tanınmış çexiyalı həmkarı Vlastimil Petrjelanı məyus edən makedoniyalı Qyoko Hacıyevski bu möhtəşəm qələbə ilə ölkəmizdə diqqət mərkəzinə düşdü və az sonra yığmamızın baş məşqçi postu da ona etibar olundu.

Nəhayət, 3-cü böyük hesablı məğlubiyyət Azərbaycan kubokuna təsadüf etdi. “Neftçi” 18-ci ildir keçirilən, 4 dəfə (1995, 1996, 1999 və 2004-cü illər) qalibi olduğu ölkə kubokunda ilk belə uğursuzluğa düçar oldu. Vaqif Sadıqovun istefasından sonra cari mövsümün sonuna qədər baş məşqçi əvəzi olan Arif Əsədov gürcü həmkarı Kaxaber Sxadadzedən ağır zərbə aldı.

Maraqlıdır ki, 40 yaşlı Əsədov “Neftçi”nin ilk böyük hesablı məğlubiyyətinin şahidi olub. Düzdür, keçmiş müdafiəçi “Xəzər”ə 0:3 uduzduqları oyunda iştirak etməsə də, hər halda, həmin vaxt “ağ-qaralar”ın heyətində idi. Digər maraqlı məqam odur ki, vurduğu qolla həmin oyunda son nöqtəni qoyan, rəqibin böyük hesablı məğlubiyyəti rəsmiləşdirən məhz Vaqif Sadıqov olub.

“Neftçi”nin ölkə kubokunda darmadağını, eyni zamanda evdə ilk böyük hesablı məğlubiyyəti kimi tarixə düşdü. Yəni buna qədər çempionatda olan uğursuzluqlar səfər oyunlarında qeydə alınıb. Düzdür, “Bakı”ya uduzduqları Tofiq Bəhramov adına Respublika stadionu “Neftçi”nin də öz meydanı olsa da, həmin görüşdə ev sahibləri həmşəhərliləri idi.

“Ağ-qaralar” adətən böyük hesabla uduzduqları mövsümləri mükafatçı kimi başa vurur. Yəni komanda 1992-ci ildə qızıl, 1997/98 mövsümündə isə bürünc medalçı olub. “Neftçi”nin mövsümü mükafatçı kimi bitirmək şansı qalır və bu dəfə necə olacağını zaman göstərəcək.

1992-ci il, I çempionat
3 iyul
“Xəzər” – “Neftçi” – 3:0

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Baş məşqçilər: Sabir Əliyev (“Xəzər”) və Əhməd Ələsgərov (“Neftçi”)

2007-ci il, XVI çempionat (2007/08 mövsümü)
20 oktyabr
“Bakı” – “Neftçi” – 5:1

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Qyoko Hacıyevski (“Bakı”) və Vlastimil Petrjela (“Neftçi”)

2010-cu il, Azərbaycan kuboku (2009/10 mövsümü)
1/4 final mərhələsi, ilk oyun

7 mart
“Neftçi” – “İnter” – 0:3

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Arif Əsədov (“Neftçi”) və Kaxaber Sxadadze (“İnter”)
0