Vaqif Qasımov: Mən sözümün ağasıyam, əgər bizə mandat verilməsə...
09.03.2010 - 13:37
Vaqif Qasımov: Mən sözümün ağasıyam, əgər bizə mandat verilməsə...
“Mənə mandat verilməsə, AFFA-nın növbəti konfranslarına getməyəcəyəm. Ümumiyyətlə, belə olan halda, bizim klubdan heç kim orda iştirak etməyəcək. Biz konfransa qonaq yox, sözümüzü demək üçün getmək istəyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımov deyib.

AFFA-nın son konfransında səsvermə hüququndan məhrum olunmasına etiraz edən “Olimpik-Şüvəlan” rəhbərliyi bununla bağlı rəsmi bəyanat yaydı. Qasımov onlara qarşı belə münasibəti düzgün saymır: “Deyirlər ki, konfransda PFL üçün 10 yer veriblər. Bunlardan biri qurumun prezidenti Ramin Musayev, digəri də 9 klub olub. Biz də daxil olmaqla, 3 klub kənarda qalıb. Başım çıxmır, kim bu Nizamnaməni yazıb? Nə istəyirlər, onu da yazırlar. Komandamız Premyer Liqada çıxış edirsə, niyə səsvermə hüququm olmamalıdır ki? Bizi konfransa qonaq kimi dəvət etmişdilər. Bu, bizi razı salmır. Belə şey ola bilməz. Bizə də mandat verilməli, səsvermədə iştirak etməliyik”.

Qasımovun fikrincə, onlar bəzilərindən fərqli, “ağızlarına su alıb, oturmurlar”. Adətən radikal çıxışları ilə yadda qalan klub prezidenti AFFA, PFL-i tənqid etməkdən çəkinməyib: “Mən sözümün həmişə ağası olmuşam. Nə demişəmsə, düz demişəm. Məgər belə deyil? Heç nədən çəkinmirəm və həqiqəti deyirəm. Kiminsə bundan xoşu gəlmirsə, bu ayrı məsələ”.
0