“Bir mövsümdə “Simurq”la 6 dəfə oynamaq nəyə lazımdır?”
09.03.2010 - 13:48
“Bir mövsümdə “Simurq”la 6 dəfə oynamaq nəyə lazımdır?”
“Çempionatın formatını ilk növbədə komandalarla müzakirə etmək lazımdır. Bunun üçün klub nümayəndələri bir araya gətirmək vacibdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımov deyib.

Unibank Premyer Liqasının keçirilmə sistemi ilə bağlı müzakirələrə biganə qalmayan Qasımovun bildirdiyinə görə, “altılıq” bərbad sistemdir: “Hər halda, çempionatda iştirak edən biz klublarıq. Bu, birbaşa bizə aid olan məsələdir. Axı AFFA-nın İcraiyyə Komitəsində bütün klublar təmsil olunmur. Çempionatın sistemi, təqvimin dəyişdirilməsi ilə qərarlar çıxarırlar, ancaq bizim bundan xəbərimiz olmur. Hesab edirəm ki, cari mövsümdə keçirilən “altılıq” ən bərbad sistemdir. “Altılıq” AFFA-nın sabiq prezidenti Fuad Musayevin dövründə keçirilmişdi. Ancaq həmin vaxt özünü doğrultmadığı üçün növbəti mövsümdə ləğv olundu. Başa düşmürəm, kim yenidən bu ideyanı verir? Bunlar səhv fikirlərdir. İlk mərhələnin son turları göz qabağında oldu. Həmin oyunlar mənasız, elə bil yoldaşlıq görüşləri idi”.

Mövsümdə çox oyun keçirməyin tərəfdarı olan klub prezidentinin çempionatın sistemi ilə bağlı mövqeyi belədir: “Ya komandaların sayını 16-ya çatdırmaq, ya da 8 komandadan ibarət 4 dövrəli sistem keçirmək lazımdır. Hazırda müzakirələr gedən 10 komandalı 4 dövrəli sistemin tərəfdarı deyiləm. Çünki belə sistem üçün 10 komandanı çox sayıram. Bilirsiniz, xərclərimiz çoxalır, klubları da nəzərə almaq lazımdır. Axı bütün klubların maliyyə imkanları eyni səviyyədə yüksək deyil. Misal üçün, götürək “Simurq”la oyunlarımızı. Ötən həftəsonu ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində bu komandanın qonağı olduq. Martın 20-də yenidən Zaqatalaya səfər edib, bu dəfə “ikinci altılığ”ın oyuna çıxmalı olacağıq. Axı bir mövsümdə “Simurq”la 6 dəfə oynamaq nəyə lazımdır? Sistemin fərqi yoxdur, əsas məsələ çempionatın səviyyəsini qaldırmaqdır”.

Qasımov legioner limiti ilə bağlı təkliflərini verdi: “Bu məsələyə də xüsusi diqqət yetirmək lazımdır. Gələn mövsümdən yenidən limit tətbiq edilərək, “8+3” olacaq. Fikrimcə, o biri mövsümdə 7, sonra 6, 5 olmalıdır. Yəni, legionerlərin sayı hər mövsüm azalmalı və sonda say 5-dən aşağı olmamalıdır. Limit olmadığı, yerli futbolçular sarıdan korluq çəkdiyimiz üçün əcnəbiləri oynatmağı məcburuq. Klublarda daha çox legionerlərdir, yerli futbolçulara yer yoxdur. Ancaq öz oyunçularımızı, onların yetişməsini də düşünmək lazımdır”.
0