“Mən oynamaq istəyirəm, amma qoymurlar”
09.03.2010 - 14:52
“Mən oynamaq istəyirəm, amma qoymurlar”
“Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev yaşıl meydana qayıtmağa hazırdır. Bu barədə apasport.az saytına açıqlamasında futbolçunun özü məlumat verib. Onun bildirdiyinə görə, Unibank Premyer Liqasında “altılığ”ın ilk turlarında oynamaq istəyir. Milli komandamızın Lüksemburqla səfərdə keçirdiyi yoldaşlıq görüşünün (2:1) 21-ci dəqiqəsində dizindən zədələndiyi üçün Fərhad Vəliyevlə əvəzlənən Ağayev bundan sonra müalicə olunur: “Yaşıl meydana nə vaxt qayıdacağım dəqiqləşməyib. Bununla bağlı dəqiq sözü həkimlər deyəcək. Hazırda ayağımda ağrılar yoxdur. Mən özüm oynamaq istəyirəm, amma qoymurlar. Görünür, həkimlər riskə getmək istəmir. Əvvəl də dizimdə problem olsa da, bu, sol ayağımda idi. İndi isə sağ dizimdən xəsarət aldım”.

Ağayevi Azərbaycan kubokunun 1/4 final mərhələsində Ağdamda “Qarabağ” klubu ilə ilk oyunda (1:2) 36 yaşlı həmkarı Dmitri Kramarenko əvəzlədi. Milli komandamızın sabiq qapıçısı olan Kramarenkonun təcrübəsi nə qədər böyük olsa da, oyun praktikası sarıdan korluq çəkməsi özünü göstərdi. Hər halda, cari mövsümdə debüt edən Dmitri bir ilə yaxındır rəsmi oyunlardan kənarda qalıb. “Xəzər-Lənkəran”ın kapitanı 12 yaş kiçik olduğu həmkarının çıxışına qiymət verməsini düzgün saymır: “Kramarenko haqda heç nə deyə bilmərəm. O, məndən təcrübəli qapıçıdır. Dima kimi təcrübəli qapıçıda oyun praktikası ilə bağlı problem olmamalıdır. Məni layiqincə əvəzləyəcəyinə inanıram. Ağdama qələbə dalınca gəlsək də, alınmadı. Bu futboldur, belə şeylər olur. Kubokda mərhələ adlaya da bilərik, adlamaya da. Çalışacağıq ki, “Qarabağ”ı evdə məğlub edərək, yarımfinala çıxaq”.
0