AFFA “Bakılı”nı azarkeşlərindən ayırdı
09.03.2010 - 15:03
AFFA “Bakılı”nı azarkeşlərindən ayırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, ölkə çempionatının birinci divizionunda baş verənləri müzakirə edən komitə üzvləri Premyer Liqa təmsilçisi “Muğan”la bağlı da qərar qəbul edib. Klubların AFFA-nın Lisenziyalaşma qrupuna idman meyarları üzrə sənədlərin ilkin təqdimetmə tarixi bu il fevralın 10-da bitsə də, müvafiq sənədləri yalnız iki gün sonra quruma təqdim edən salyanlılar buna görə 2000 manat cərimə olunub.

I divizionunun XII turunda isə 3 oyun müzakirə mövzusu olub. “Rəvan”la səfər matçının 68-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılan “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev 1 oyunluq cəzalanmaqla yanaşı, komandasını 200 manat xərcə salıb.

“Neftçi” İSM – “MKT Araz” qarşılaşmasında isə hər iki komanda cəzalandırılıb. 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaqlar 100 manat cərimə olunub. Oyunun 54-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Hüseyn Əliyev də “MKT-Araz”a 200 manat ziyan vurub. Futbolçunun özü də iki oyunluq “istirahət qazanıb”. Meydan sahibləri isə özləri üçün ənənəvi olan cəzaya layiq görülüb. Artıq neçənci dəfədir ki, “Neftçi” İSM matçda yanğınsöndürmə maşını olmadığı üçün 100 manat xərcə düşüb.

Qalmaqalla müşayiət olunan “Bakılı” – MOİK matçındakı cəzalar isə daha ağır olub. Hakimləri təhqir etdiyinə görə görüşün 25-ci dəqiqəsində texniki zonadan kənarlaşdırılan MOİK-in məşqçisi Siyasət Əsgərov 4 oyunluq cəzalanıb. Məşqçisinə görə klub da 400 manat ödəməli olacaq. Oyunun 67-ci dəqiqəsində Fərid Həşimzadə (MOİK) kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq “istirahət qazanıb” və “hərbçilər”ə 20 manat ziyan vurub. Oyunun 81-ci dəqiqəsində stadionda kütləvi intizamsızlığın baş verməsi isə meydan sahibi – “Bakılı”ya baha başa gəlib. Paytaxt təmsilçisi növbəti oyununu azarkeşsiz keçirməklə yanaşı, 800 manat da ödəməli olacaq.
0