Azərbaycanda sərxoşluq edən futbolçu ikinci divizionda
09.03.2010 - 15:46
Azərbaycanda sərxoşluq edən futbolçu ikinci divizionda
Vaxtilə Azərbaycandan qaçan rusiyalı futbolçu Artyom Bezrodnı özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, İmişlinin “MKT-Araz” klubunun 31 yaşlı sabiq yarımmüdafiəçisi karyerasını vətənində, ikinci divizionda mübarizə aparan “Qazovik-Qazprom”da davam etdirəcək.

Artyom Ural-Povoljye zonasında çıxış edən İjevsk təmsilçisinin Soçidəki təlim-məşq toplanışına qatılıb. “Spartak”la 4 dəfə ölkə çempionluğunu qazanan Bezrodnı birinci diviziona çıxmağı qarşısına məqsəd qoyan “Qazovik-Qazprom”la müqavilə bağlamaq üzrədir. “Metallurq-Kuzbass”la yoxlama oyununda (1:3) bir hissə oynayan futbolçunun yaxşı formada olduğu bildirilir. “Qazovik-Qazprom”da milli komandamızın sabiq futbolçusu Vyaçeslav Lıçkin vaxtilə çıxış edib.

Qeyd edək ki, Bezrodnı 2005-ci ilin yazında “MKT-Araz”da az müddət oynadıqdan sonra ölkəmizdən qaçaraq, bir daha geri qayıtmadı. Bundan sonra peşəkar səviyyədə oynamayan futbolçu uzun müddət itkin düşdü. Ölkəmizdə sərxoşluq edən Artyomun bizimkilərə “atması” xeyli müzakirələrə səbəb oldu.
0