Abışov “Valerenqa” ilə danışıqlardan xəbərsizdir
09.03.2010 - 16:07
Abışov “Valerenqa” ilə danışıqlardan xəbərsizdir
“Neftçi” rəhbərliyi icazə vermədiyindən, Norveçin “Valerenqa” klubuna keçidim baş tutmadı. Hazırda şərəfini qoruduğum komandanı Premyer Liqanın əsas mərhələsində vacib oyunlar gözləyir. Buna görə də rəhbərlik indiki vaxtda əcnəbi kluba transferimi məqsədəuyğun saymadı”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov deyib.

23 yaşlı futbolçu bildirib ki, onunla uzun müddətdir maraqlanan “Valerenqa”nın təklifinə rəsmən “yox” cavabı verilib. Müdafiəçi Norveç təmsilçisinin təklif etdiyi müqavilənin detallarından xəbərsiz olduğunu söyləyib: “Çünki danışıqlar klub rəsmiləri səviyyəsində aparılırdı. Bu səbəbdən “Valerenqa”nın neçə illik müqavilə, eləcə də nə qədər pul təklif etdiyini bilmirdim. “Neftçi” ilə 3 illik müqaviləm var. Razılaşmanın müddəti 2012-ci ilin iyununda başa çatacaq. Əgər cari mövsüm başa çatdıqdan sonra lazım gəlsə, norveçlilərlə yenidən danışıqlar olacaq”.

Abışov vurğulayıb ki, “Valerenqa”ya keçidinin alınmaması onu heç də həvəsdən salmayacaq: “Əksinə, bundan sonra daha da gücümü artıracağam, bütün qüvvəmi səfərbər edəcəyəm. Axı, zədələndiyim üçün son vaxtlar fiziki baxımdan özümü yaxşı hiss etmirdim. İndi isə hər şey qaydasına düşüb və qarşıdakı oyunlara tam hazıram”.
0