Məşhur məşqçi: Penaltilər seriyası ləğv olunsun!
09.03.2010 - 17:49
Məşhur məşqçi: Penaltilər seriyası ləğv olunsun!
Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Lui Van Qal futbol qaydalarında yeni qaydaların tətbiq olunmasını istəyir. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssisin ən çox arzuladığı penaltilər seriyasının ləğv olunmasıdır.

Qalibi müəyyənləşdirmək üçün vurulan oyun sonrası seriyanı lotereya adlandıran Van Qal yeni təkliflə çıxış edib: “Əlavə vaxtın hər 5 dəqiqəsindən bir komandaların hərəsinin bir futbolçusu meydanı tərk etsin. 95-ci dəqiqədən sonra rəqiblər hərəyə 10, 100-cü dəqiqədən sonra hərəyə 9 nəfərlə mübarizə aparsınlar. Bu qayda ilə əlavə yarım saatın sonlarında hər tərəfdə cəmi 6 oyunçu qalacaq. Belə olan vəziyyətdə hər şey komandaların ustalıq səviyyəsindən asılı olacaq. Yoxsa ki, penaltilər seriyasının taleyi futbolçuların fərdi keyfiyyətlərindən asılı olur”.

Hər komandada 1 futbolçunun qaldığı anda oyunun necə keçəcəyini söyləməyən Van Qalın başqa təklifləri də var. O aut zamanı topun oyuna əllə yox, ayaqla daxil edilməsinin tərəfdarıdır. Hollandiyalı hakimlik məsələlərinə, video təkrardan istifadəyə də münasibətini bildirib:

“Futbolda iki baş hakim olmalıdır. Hərəsi meydanın bir yarısında söz sahibliyi etməlidir. Hokkey və basketbolda da belədir. Üçüncü hakim isə harada – tribuna və ya meydanın kənarında olmasından asılı olmayaraq, kompüter arxasında olmalıdır. İnsan amili nəticələrə çox böyük təsir göstərir. Ona görə köməyə yalnız elektronika gələ bilər ki, onun obyektivliyinə söz ola bilməz. FİFA-nın video təkrarlardan imtinası düzgün deyil”.
0