“Xəzər-Lənkəran”ın nə qədər şansı varsa, bizimki də o qədərdir” - MÜSAHİBƏ
10.03.2010 - 16:36
“Xəzər-Lənkəran”ın nə qədər şansı varsa, bizimki də o qədərdir” - MÜSAHİBƏ
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın əsas mərhələsində ilk oyununuzu səfərdə martın 12-də “Xəzər-Lənkəran” komandasına qarşı keçirəcəksiniz. Bu qarşılaşmaya hazırlıq necə gedir?
- Hər şey qaydasındadır. Yalnız kapitan Kənan Kərimovun zədəsi bizi narahat edir. Hazırda o, fərdi məşqlər edir.

- Onun “Xəzər-Lənkəran”la görüşü buraxacağı dəqiqdir?
- Bəli, təəssüf ki, Kənan növbəti qarşılaşmada komandamıza kömək edə bilməyəcək. Bundan başqa, rumıniyalı müdafiəçi Razvan Tarleanın da oynayacağı sual altındadır.

- “Xəzər-Lənkəran”da ən çox çəkindiyiniz, ehtiyatlandığınız cəhət hansıdır?
- Mən bütün komandalara hörmətlə yanaşıram. Bilirik ki, “Xəzər-Lənkəran” köklü komandadır. Şükür Allaha, rəqibdən geri qaldığımız hər hansısa cəhət yoxdur.

- Şansları necə dəyərləndirirsiniz?
- Qələbə qazanmağa çalışacağıq. “Xəzər-Lənkəran”ın nə qədər şansı varsa, bizimki də bir o qədərdir. Son iki oyunun nəticəsi belə deməyə əsas verir. Cari mövsümdə “Xəzər-Lənkəran”la Mingəçevirdə 1:1 heç-heçə etmişik, Lənkəranda isə minimal hesabla uduzmuşuq. Məğlubiyyətə baxmayaraq, komandam həmin matçda gözəl çıxış etmişdi. Hətta səfərdə qələbə də qazana bilərdik. Ən azı 1 xala layiq idik. Buna görə də uduzmağımıza çox təəssüfləndim.

- “Qəbələ” ilə yanaşı, “Xəzər-Lənkəran”da da ciddi itki var: qapıçı Kamran Ağayev. Özü də son oyunda, “Qarabağ”la kubok matçında lənkəranlıların qapısını qorumuş Dmitri Kramarenko inamsız təsir bağışlamışdı. Qapıçı amilindən xüsusi yararlanmaq fikriniz varmı?
- Məncə, bu, qarşıdakı görüş üçün böyük amil sayılmır. Çünki Kramarenko da sayılıb-seçilən qapıçılardandır. Onunla yığmada komanda yoldaşı olmuşam, həmçinin rəqib qismində bir neçə dəfə üz-üzə gəlmişik. Yəni, “Xəzər-Lənkəran”la oyunda Kramarenko bizi arxayın sala bilməz.

- Mətbuata açıqlamada “Xəzər-Lənkəran”a qalib gəlməyin yolunu bildiyinizi söyləmisiniz...
- Məşqçi korpusu müxtəlif variantlar üzərində işləyir. İmkanlardan maksimum istifadə etmək niyyətindəyik. Məqsədimiz qələbə qazanıb, xalımızın üzərinə daha 3 xal əlavə etməkdir.

- “Qəbələ”ni ilk “altılıq”da autsayder sayanlar da var. İş elə gətirib ki, rəhbərlik etdiyiniz kollektiv elə sonuncu pillədə, 6-cı pillədə qərarlaşıb. Sizcə, çempionatın sonunda “Qəbələ” üçün ən ədalətli pillə neçəncidir?
- Maya qədər səbirli olmaq lazımdır! Çoxları “Qəbələ”nin ilk “altılığ”a düşəcəyinə heç inanmırdılar. Allaha Şükür, bu məqsədimizə çatdıq, ən güclü 6 kollektiv arasında yer aldıq. Komandamı autsayder saymıram. İnşallah, çempionata rəng qatacağıq və özünüz görəcəksiniz ki, “Qəbələ” autsayderdir, ya yox.
0