Ramin Musayev hücumda, “Olimpik-Şüvəlan” müdafiədə, “Simurq” ortalıqda
13.03.2010 - 00:04
Ramin Musayev hücumda, “Olimpik-Şüvəlan” müdafiədə, “Simurq” ortalıqda
Peşəkar Futbol Liqası (PFL) və “Olimpik-Şüvəlan” arasında gərginlik səngimir. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in XXIV turda “Simurq”la matçının təxirə salınması barədə müraciətinə rədd cavabı verən PFL yaydığı bəyanatında görüşün məhz martın 20-də keçiriləcəyini vurğulayıb.

Həmin tarix Novruz bayramına təsadüf etdiyindən, “Olimpik-Şüvəlan” qarşılaşmanın 3 gün sonra baş tutmasını istəyirdi. Ancaq bu xahişi təmin etməyən PFL bəyanatında klubu ayrıseçkilikdə qınadı: “Milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı təkcə “Olimpik-Şüvəlan” üçün deyil, Unibank Premyer Liqasında yarışan digər 11 klub üçün də bayramdır. Bildiririk ki, Unibank Premyer Liqasının oyunlarının təqvimi hər hansı bir klubun fərdi istəyinə uyğun olaraq dəyişdirilə bilməz”.

“Simurq”la matçın təxirə salınmasına hələ ötən aydan çalışan “Olimpik-Şüvəlan” həmin vaxt məsələnin müsbət həll olunması ilə bağlı şifahi razılıq almışdı. Hər halda, Zaqatala təmsilçisinin rəhbərliyinin də “hə”si alınandan sonra tərəflər mövqeyini rəsmi şəkildə bildirmişdilər. Lakin “Olimpik-Şüvəlan”ı narazı salan Ramin Musayevin rəhbərlik etdiyi qurumun heç bir tutarlı səbəb gətirmədən hər iki klubun təklifini rədd etməsidir.

Əslində, hər şeyi alt-üst edən AFFA-nın martın 5-də keçirilmiş Konfransından sonra baş verənlər idi. Daha doğrusu, “Olimpik-Şüvəlan”la PFL arasında həmin vaxtdan gərginlik yaranmağa başlayıb. Klubun prezidenti Vaqif Qasımov Konfransda onlara mandat verilməməsinə, səsvermə hüquqlarının əlindən alınmasına görə PFL-i günahlandırdı. Artıq martın 9-da ilk siqnal gəldi və “təyyarəçilər” “Simurq”la oyununun sonraya keçirilməsinin qeyri-mümkün olması haqda məlumatlandı. Buna bir gün sonra bəyanatla cavab verən “Olimpik-Şüvəlan” PFL-i mili-mənəvi dəyərlərə hörmətsizliklə suçladı: “Bəlkə də PFL-in mövqeyini peşəkarlığa uyğun saymaq olardı. Amma bunun qeyri-səmimi olduğunu sübut edən fakt olmasaydı. PFL ötən ilin dekabr ayında bəzi klubların əcnəbi futbolçularının Yeni il bayramı ilə bağlı analoji xahişinə müsbət cavab verərək təqvimdə dəyişiklik etmişdi. Buna görə də “Olimpik-Şüvəlan” olaraq PFL-in bu mövqeyinin milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirir və onların bu məsələyə yanaşma tərzi ilə qətiyyən razılaşmadığımızı bəyan edirik”.

Maraqlıdır ki, PFL “Simurq”un ona məktub ünvanlamasını “Olimpik-Şüvəlan”ın narazılığına rəsmən açıqlamasından bir gün sonra bəyan edir. Göstərilir ki, Zaqatala klubu müəyyən məsləhətləşmələrdən sonra görüşün martın 23-ə salınmasının məqsədəuyğun olmadığını hesab edib. Yəni, “Olimpik-Şüvəlan”a rədd cavabı verilən zaman, martın 9-da “Simurq” söhbəti yox idi və bu, son bəyanatda öz əksini tapıb.

Göründüyü kimi, PFL-lə “Olimpik-Şüvəlan”ın “yaylım atəşləri” olan bəyanatları bir-birini əvəzlədikcə maraqlı məqamlar ortaya çıxır. Bayram məsələsi, milli-mənəvi dəyərlərə toxunan qurumlar bir-birlərinin “bostanına daş atır”. Hələ ki bütün bunların əziyyətini, haqq səsini ucaltdığını düşünən “təyyarəçilər” çəkir. Qasımovun təqvimin klubların fikri nəzərə alınmadan tez-tez dəyişdirilməsi ilə bağlı PFL-i kəskin tənqid etməsi cavabsız qalmır. Konfransda ofsayd vəziyyətə düşmək, təxirəsalma ilə bağlı müraciətin rədd edilməsi... Bir sözlə, PFL başqanı Musayevin diktatorluğu “Olimpik-Şüvəlan”ı yaralayıb. Musayevin dostu və qardaşı Zaur Məmmədovun prezidenti olduğu “Simurq” isə “oyuncaq” kimi istifadə olunur.

Maraqlıdır, görəsən növbəti zərbə nə olacaq?

Məsələni araşdırmaq üçün PFL prezidentinin də mövqeyini öyrənmək istədik. Amma Musayev zənglərimizə cavab vermədi...
0