Mahir Şükürov: 7 illik həsrətə son!
13.03.2010 - 00:01
Mahir Şükürov: 7 illik həsrətə son!
Bu gün Rusiya Premyer Liqasında növbəti mövsüm start götürür. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolsevərlərin diqqəti Mahaçqalaya yönələcək. Qış fasiləsində Bakı “İnter”indən “Anji”yə transfer olunan Mahir Şükürov Rusiya çempionatında debüt edəcək. Mahaçqala təmsilçisi Bakı vaxtı ilə saat 16:15-də Nalçikin “Spartak” klubunu qəbul edəcək.

Tale elə gətirib ki, Mahir Rusiya çempionatında debütünü onunla maraqlanan komandaya qarşı keçirəcək. Hər halda, “Spartak”ın baş məşqçisi Yuri Krasnojan apasport.az saytına eksklüziv müsahibədə Şükürovu bəyəndiyi, transfer planlarına daxil olan həmyerlimiz haqda məlumat yığdığını bildirmişdi. İndiyədək bir dəfə, onda da qısa müddətli legioner həyatı yaşayan Mahir Türkiyənin birinci divizion təmsilçisi “Antalyaspor”un heyətində cəmi 1 oyun (45 dəqiqə) keçirib.

28 yaşlı müdafiəçinin debütü ilə Rusiya Premyer Liqasında 7 illik həsrətimizə son qoyulacaq. Belə ki, bu ölkənin güclülər dəstəsində sonuncu həmyerlimiz Dmitri Kramarenko 2003-cü ildə forma geyinib. Təcrübəli qapıçı həmin mövsümdə Rusiya çempionu Moskva MOİK-in heyətində idi. Ancaq fərq ondadır ki, Kramarenko İqor Akinfeyev və Venyamin Mandrıkindən sonra “hərbçilər”in 3-cü qapıçısı idi. Bunun da nəticəsidir ki, Dmitri nadir hallarda meydana çıxırdı. İndi Şükürov yığmamızla yanaşı, “Karvan” və “Xəzər-Lənkəran”da komanda yoldaşı olan Kramarenkonun davamçısı, Rusiya Premyer Liqasında növbəti təmsilçimiz olacaq.

Rusiya Premyer Liqasında məşqçi kimi ölkəmizi təmsil edən Şahin Diniyev mövsümə Sibirdə başlayacaq. Onun məşqçilər korpusunda yer aldığı Qroznının “Terek” klubu sabah Bakı vaxtı ilə saat 12:30-da Novosibirskdə “Sibir”in qonağı olacaq. Çeçenlər mövsümə Premyer Liqanın debütantı ilə sınaqla başlayacaq. Ötən mövsüm “Terek”in əvəzedicilərinin baş məşqçisi olan Diniyev mövsümün sonunda əsas komandanın sükanı arxasına keçdi. O, Vyaçeslev Qroznının istefasından sonra son 5 turda baş məşqçi əvəzi oldu. Həmin oyunların hamısını uduzan Diniyevi bu postda mövsüm bitən kimi təcrübəli Anatoli Baydaçnı əvəzlədi və məşqçilər korpusunda çalışdırıcımıza yer verdi.

Məlum olduğu kimi, Diniyev 17 yaşlı oğlu Kərimi də “Terek”ə gətirib. “Terek”in əvəzedici heyətində çıxış edən yığmamızın yarımmüdafiəçisi istənilən vaxtda əsas komandaya cəlb oluna bilər. Kərimlə yığmada komanda yoldaşı olan Araz Abdullayev də Rusiyaya səfər üstündədir. Hər halda, Kazanın “Rubin” klubu baxışa çağıraraq bəyəndiyi Arazı transfer etmək istəyir. Rusiyada “transfer pəncərəsi”nin hələ bir ay sonra bağlanması Abdullayevin yetirməsi olduğu “Neftçi”dən ikiqat Rusiya çempionuna keçməsinə imkan yaradır.

Qeyd edək ki, indiyədək bir sıra futbolçularımızın oynadığı Rusiya Premyer Liqasında ən yaxşı təmsilçimiz Nazim Süleymanov olub. Vladiqafqazın “Alaniya” klubunun aparıcı hücumçusu ən çox oyun keçirən, ən çox qol vuran futbolçumuz və nəhayət, yeganə Rusiya çempionumuzdur. Süleymanov uzun müddət Rusiya Premyer Liqasında ən çox qol vuran legioner sayılırdı və onun rekordunu bir müddət öncə braziliyalı hücumçu Vaqner Lav MOİK-in heyətində qırdı.
0