Babək Quliyev də bağışlansa...
12.03.2010 - 15:19
Babək Quliyev də bağışlansa...
“AFFA-nın Hakimlər Komitəsinin haqqımda çıxardığı rəsmi qərarı ilk dəfə sizdən eşidirəm”. Bunu apasport.az saytına açıqlamasında hakim Anar Niyazov deyib.

Hakimlər Komitəsi (HK) 34 yaşlı futzal üzrə sabiq FİFA referisinin bir il öncə hakimlikdən uzaqlaşdırılması ilə bağlı çıxardığı qərarı bu gün ləğv edib. Niyazovun ilkin olaraq birinci divizion oyunlarının idarəçiliyə cəlb olunması ilə bağlı qərar çıxarılıb.

Xəbər əməkdaşımızdan alan Anar iddialı danışdı: “Sağ olsunlar ki, bağışlanmağımla bağlı xahişimi nəzərə aldılar. Bundan sonra məqsədim əvvəlkindən də yaxşı hakim olmaqdır. İnanıram ki, buna nail olacağam. Özümə güvənirəm. İlkin olaraq birinci divizionda idarəçilik etməyimdə problem görmürəm. İndi mənim üçün bunun fərqi yoxdur. Hakimlikdən kənarda qaldığım müddətdə məşqlər edib, fiziki hazırlığım üzərində çalışmışam. Bunu, oyun praktikası ilə bağlı problemim olub-olmamağını oyunlar göstərəcək. Gələcəkdə yenidən FİFA referisi olmağımla bağlı bir şey deyə bilmərəm. Bu, mənim yox, AFFA-nın səlahiyyətindədir. Məgər cəzalanan hakim FİFA referisi ola bilməz ki?”.

HK həmin vaxt çıxardığı cəza qərarında Niyazovla yanaşı, futbol üzrə FİFA referisi Babək Quliyevin də adı var idi. Quliyev bundan sonra radikal çıxışları, sərt ittihamları ilə yadda qalsa da, həmkarı daha çox susmağı üstün tutdu. İndi bunun bəhrəsini görən Anarın bağışlanmasında dediyimizin amilin təsiri var. Niyazov dostunun da bağışlanmasını istəyir: “Bilirsiniz, hər insanın öz mövqeyi var. Ümid edirəm ki, Babək Quliyev də bağışlanacaq. Bağışlansa, buna çox sevinərəm”.

Qeyd edək ki, HK Niyazovun bağışlanmasında səhvləri ilə bağlı araşdırmaların nəticəsini, AFFA prezidenti və Hakimlər Komitəsinə yazdığı müraciətlərdə səhvini etiraf etdiyini nəzərə alıb.
0