“Vəziyyət yaxşı olsa, komandada qalacağam” - MÜSAHİBƏ
13.03.2010 - 00:32
“Vəziyyət yaxşı olsa, komandada qalacağam” - MÜSAHİBƏ
Əsasən iddiasız və autsayder klubların qapısını qoruyan Kamal Bayramov cari mövsümdə “Turan”ın heyətində nümayiş etdirdiyi oyunla diqqəti cəlb edir. İnamlı təsir bağışlayan Bayramov gəldiyi ilk günlərdə ehtiyatda qalsa da, sonradan əsas heyətdə meydana çıxdı. Lakin “İnter”lə paytaxtdakı oyunda aldığı zədə onun bir müddət yaşıl meydanlardan kənar qalmasına səbəb oldu. Hazırda zədəsini sağaldan və komanda ilə birgə hazırlaşan qolkiper “Muğan”ı məğlub edəcəklərinə inanır.

- Komandada vəziyyət necədir?
- Hər şey qaydasındadır. “Muğan”la şənbə günü keçirəcəyimiz oyuna hazırlaşırıq. Şükürlər olsun ki, heyətimizdə zədəli və cəzalı futbolçu yoxdur. Ciddi məşqlər keçirik. Təbii ki, hazırlıq prosesində özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq.

- Yığmanın keçirdiyi oyunlarla əlaqədar Unibank Premyer Liqasında yaranmış fasilə başa çatıb. Ancaq əksər klublar fasilə zamanı yoldaşlıq oyunları keçirsə də, “Turan”da sakitçilikdir. Bunun səbəbini nə ilə izah edə bilərsən?
- Əsas problem təmsil etdiyimiz rayona yaxın bölgələrdə komandaların olmamasıdır. Ancaq biz də boş oturmamışıq. Əvəzedici komandamızla gücümüzü sınamışıq. Əlbəttə, yoxlama xarakteri daşıyan bu oyunda nəticə vacib deyil. Əsas olan oyun təcrübəsini qazanmaq və komandadakı problemləri müəyyənləşdirməkdir. Hələlik işlərimiz qaydasında gedir. “Muğan”la oyuna ciddi hazırlaşmışıq. Rəqibimiz də zəif komanda deyil. Cari mövsümün birinci mərhələsi çərçivəsində baş tutan hər iki oyunda qələbə qazansaq da, bu duel fərqli olacaq. Çünki qazanılacaq xallar komandanın elitadakı yerini bir qədər də möhkəmlədəcək.

- Oyun təcrübəsini artırmaq, eləcə də komandadakı problemləri aydınlaşdırmaq üçün, klublar sparrinq-rəqib kimi güclü rəqiblərə müraciət edirlər. Ancaq “Turan”ın əvəzedicilərlə kifayətlənməsi komandaya nə kimi fayda verəcək?
- Düzdür, güclü rəqiblərlə qarşılaşmağın komandaya hər zaman faydası var. Lakin bizdə bu imkan olmadı. Tovuzdan kənara çıxmadıq. Gündə 2 dəfə məşq edirdik. İnşallah, yaxşı olar. “Turan”ın adını ucaltmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Əslində, “Turan” ilk “altılıq”da çıxış etməli idi. Əksər oyunlarda hesabı biz açdıq. Qələbə qazanmağa yaxın olduğumuz oyunlardan xalsız ayrıldıq. Bu da mövsümə yaxşı hazırlaşa bilməməyimizlə bağlı oldu. Yəni komanda gec yığışdı və məşqçilər korpusu üçün oyunçu seçmək imkanı kifayət qədər deyildi.

- Bu gün final mərhələsi çərçivəsində “Muğan”la qarşılaşacaqsınız. Komanda oyuna tam hazırdırmı?
- Demək olar ki, hə. Birinci mərhələdə 3:2 və 1:0 hesabı ilə qələbə qazansaq da, bu, bizə arxayınlaşmağa əsas vermir. Çünki “Muğan” da Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Biz 7-ci və ya 8-ci yerdə mövsümü başa vurmaq haqqında düşünürük. Heç kim ikinci “altılıq”da zəif mübarizənin gedəcəyini düşünməsin. Əksinə, aşağı dəstəyə yuvarlanmaq ehtimalı olduğundan, digər komandalar da oyunlara ciddi hazırlaşır. Təsadüfi deyil ki, “Standard” və “Karvan” kimi son pillələrdə qərarlaşan komandalar heyətlərini xeyli gücləndiriblər.

- Oyundan nə gözləyirsən?
- Məqsədimiz 3 xal qazanmaqdır. Azarkeşlərimiz də bizdən bunu gözləyir. Komandamızda heç bir arxayınçılıq yoxdur. Əksinə, qazanılan qələbələr bizi “Muğan”ı növbəti dəfə məğlub etməyə həvəsləndirir.

- Qızıl xal ehtiyatına görə “Turan”ın vəziyyəti pis deyil. Premyer Liqada qalmaq uğrunda aparılan mübarizədə bu üstünlükdən yararlana biləcəksinizmi?
- Komandamıza inanıram. Əhval-ruhiyyə yüksək səviyyədədir. Uşaqlar doğma meydanda keçirəcəyimiz bütün oyunlarda qələbə qazanmaq haqqında düşünür. Burada hamı futbolla nəfəs alır. Biz də onların etimadını doğrultmağa çalışacağıq. Səfər oyunlarında xal itirməyimiz mümkündür. Son oyunda “Simurq”a yenildik. Əslində, qələbə qazana bilərdik. Onların qapıçısı zədələndikdən sonra çox çalışsaq da, “çərçivə”yə düşə bilmədik.

- “Karvan”, “Standard” kimi komandalar xeyli güclənib...
- “Karvan”ı xüsusilə qeyd etmək istərdim. Bu komandada Azərbaycanın ən yaxşı hücumçuları qərarlaşıb. Təsadüfi deyil ki, Xaqani Məmmədov 3 oyuna 5 qol vurdu. Yunis müəllim heyətə “qol silahları”nı yığıb. Biz rəqib haqqında deyil, öz oyunumuz barəsində düşünməliyik. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirsək, qələbə bizim olacaq.

- “İkinci altılıq”da əsas rəqib kimi hansı komandanın adını qeyd edə bilərsən?
- Hamısını. Heç bir komandaya yuxarıdan aşağı baxmırıq. Bu, bizə baha başa gələ bilər. Ümumiyyətlə, indi zəif rəqib yoxdur. Əgər bu sual mövsümün əvvəlində verilsəydi, cavab verə bilərdim. İndi komandaların hamısını tanıyıram. “Muğan” startda 5 oyunda qapısından top buraxmadı. Komanda liderlər qrupunda məskunlaşdı. Digər klublar da güclüdürlər.

- Son vaxtlar komandada maddi problemlərin olduğu deyilir. Bununla bağlı nə deyə bilərsən?
- Düzgün informasiya deyil. Fevralın maaşı oyundan əvvəl paylandı. Bu da komandada əlavə ruh yüksəkliyi yaradıb. Yəni komandanın hazırlıq keçməsi üçün normal şərait yaradılıb. Əlbəttə, mükafatlar uğrunda mübarizə aparan komandalarla müqayisədə geri qalırıq.

- Musa Süleymanovun prezident postundan istefa verməsindən sonra komandaya kim rəhbərlik edir?
- Bu haqda dəqiq nəsə deyə bilməyəcəyəm.

- Bayaq komandanın mövsümə hazırlaşması üçün vaxt azlığının olduğunu və bunun da nəticəyə təsirinin olduğunu dedin. “Transfer pəncərəsi”ni sakit keçirən “Turan”ın yenə problemlə üzləşmək ehtimalı varmı?
- Bunun bir o qədər də təsiri olmayacaq. Elə klub oldu ki, 5-6 futbolçu transfer etdi, bir neçəsi ilə yollarını ayırdı. Əlbəttə, yeni gələnlərin komandaya uyğunlaşması üçün zamana ehtiyacı var. Ancaq bu baxımdan bizdə heç bir problem yaranmayacaq. Cəmi iki oyunçu heyəti tərk etdi, bir futbolçu isə bizə qoşuldu. Yəni heyətin qorunub-saxlanılması kollektiv kimi daha da güclənməyimizə şərait yaratdı. Bir-birimizi meydanda yaxşı başa düşürük.

- Sən “Turan”a gələnə qədər “Muğan”ın qapısını qorusan da, hazırkı klubundakı çıxışında diqqəti cəlb etməyə başladın. Bu uğurlu çıxışın yayda başqa komandaya keçməyinlə nəticələnə bilərmi?
- Başqa komandalardan təklif yoxdur. Əlbəttə, hər bir futbolçu iddialı klubda oynamaq istəyir. Eyni zamanda yığmanın formasını geyinmək də arzum, istəyimdir. Əgər “Turan”da vəziyyət yaxşı olsa, komandada qalacağam. Bu klubun bir parcası olmağımla fəxr edirəm. “Turan”ın formasını geyinmək uşaqlıq arzumdur. Elə bu komanda ilə də irəli getmək olar.

Mənbə: “Futbol dünyası” qəzeti
0