AFFA prezidenti: Bu, mənim üçün şərəfdir
12.03.2010 - 23:10
AFFA prezidenti: Bu, mənim üçün şərəfdir
Bu gün İsveçrənin Nyon şəhərində UEFA və AFFA prezidentləri Mişel Platini ilə Rövnəq Abdullayev arasında görüş keçirilib. Apasport.az saytının xəbərinə görə, qitə futbol qurumunun baş katibi Gianni İnfantino, Milli Assosiasiyalar Departamentinin rəisi Teodor Teodoridis, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirak etdiyi görüş barədə UEFA-nın rəsmi saytında yazı yerləşdirilib: “1994-cü ildən UEFA-nın üzvü olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına “Het-trik” proqramı çərçivəsində UEFA hərtərəfli yardım göstərir. Bu gün UEFA-nın qərargahında UEFA və AFFA rəsmiləri arasında görüşdə bu barədə söhbət aparılıb.

Abdullayev isə uefa.com saytına açıqlama verib: “Bu, mənim UEFA-nın qərargahına ilk səfərimdir və mənim üçün Avropanın futbol mərkəzinə - UEFA-nın qərargahına gəlmək şərəfdir. Bizim üç əsas prioteritetimiz var: Kütləvi futbol, təhsil və infrastruktur. Mən şadam ki, UEFA AFFA-nı nəinki texniki, həm də maliyyə cəhətdən dəstəkləyir. Heç şübhəsiz ki, UEFA-nın dəstəyi olmadan Avropada və digər milli assosiasiyalarda futbol indiki kimi inkişaf etməzdi. Xüsusilə də Azərbaycan üçün UEFA-nın dəstəyi çox vacibdir. Son zamanlar futbol Azərbaycanda populyarlıq qazanıb, milli komandanın uğurları azarkeşlər arasında futbola marağı artırıb. Bizim vəzifələrimizdən biri futbolu daha da populyarlaşdırmaqdır. Bizim milli komandanın gələcəyi üçün strateji planımız var. Amma biz bilirik ki, milli komandanı inkişaf etdirmək üçün kütləvi futboldan başlamalıyıq, təhsilin səviyyəsini qaldırıb infrastrukturu inkişaf etdirməliyik. Biz öz vəzifələrimizi bilirik və gələcəyə baxışımız var”.
0