Cavid Hüseynov: ...heç vaxt “Neftçi”yə keçmək istəməmişəm
13.03.2010 - 00:46
Cavid Hüseynov: ...heç vaxt “Neftçi”yə keçmək istəməmişəm
Son vaxtlar ən çox müzakirə edilən məsələ “Neftçi”nin uğursuz çıxışı ilə bağlıdır. Ölkə kubokunun ilk görüşündə “İnter”ə 0:3 hesabı ilə məğlubiyyət flaqmanı bütün diqqəti Unibank Premyer Liqasına yönəltməyə məcbur etdi. Klubun qış fasiləsində heyətinə qatdığı Cavid Hüseynovla görüşümüzün əsas hissəsini də məhz bu təşkil etdi. Lakin, o milli komandalarla bağlı sualları da cavablandırmaqdan imtina etmədi.

- Əvvəlcə, “İnter”lə ölkə kubokundakı oyun barədə danışardıq. 0:3 hesabı ilə məğlubiyyəti gözləyirdinmi?
- Həmin qarşılaşma barədə çox fikir bildirmək istəmirəm. Düzdür, həmin oyuna ciddi hazırlaşmışdıq. Özümüzə inanır və bu qarşılaşmaya dönüş nöqtəsi kimi baxırdıq. Bilmirəm, niyə belə oldu. Bəlkə də buraxdığımız birinci qol bizi “sındırdı”. Halbuki ilk hissədə bir neçə qol vəziyyətimiz oldu. Amma alınmadı.

- Oyunun son 9 dəqiqəsində meydanda oldun. Nəyə görə ehtiyatda qalmışdın?
- Bu sualı məşqçiyə ünvanlasanız, daha yaxşı olar. Heyəti o qurur. 21 yaşadək futbolçulardan ibarət yığma komandadan gəldiyim və yorğun olduğumu deyənlər var. Amma məncə, bunun heç bir təsiri yoxdur.

- Belə böyükhesablı məğlubiyyət cavab qarşılaşmasının əhəmiyyətini xeyli azaldır. Hər halda, “İnter”lə səfərdə qarşılaşmalısınız...
- Real götürsək, cavab oyununun mənası qalmayıb. Hər halda, biz yenə hazırlaşacağıq və meydana çıxıb mübarizə aparacağıq. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu dəfə də istisna olmayacaq.

- Bu gün Unibank Premyer Liqasının final mərhələsində ilk görüşünüzü keçirəcəksiniz. Rəqib yenə “İnter” olacaq. Bu oyunda məqsədiniz nə olacaq?
- Bundan əvvəlki iki görüşdə onlara məğlub olmuşuq. İndi üçüncü dəfə onlarla qarşılaşırıq. Atalar üçdən deyib. Gərək bu dəfə qələbə qazanaq. İnanıram ki, bunu bacaracağıq.

- Həm də sizə qələbə təkcə revanş almaq üçün lazım deyil. Axı hazırda onlardan 6 xal geri qalırsınız.
- Düz deyirsiniz. Bunu “Neftçi”nin hər bir futbolçusu başa düşür ki, avrokuboklara vəsiqə qazanmaq üçün yeganə ümidimiz çempionatadır. Məsuliyyəti dərk edirik. Bizə üç xal hava-su kimi lazımdır. Qələbə qazansaq, çempion olmağa belə şansımız olacaq. Əks təqdirdə vəziyyət xeyli pisləşə bilər.

- Qışa qədər “bankirlər”in şərəfini qorumusan. Hansısa prinsipiallıq hiss etmirsən ki?
- Xeyr. Peşəkar futbolçuyam. Belə hisslərlə yaşamıram. Amma köhnə komandama qarşı oynamaq maraqlıdır. Üstəlik, hələ onları məğlub edə bilməmişik. Bu uğursuz seriyaya da son qoymaq niyyətindəyəm.

- Çoxları deyir ki, “Neftçi”nin qışda etdiyi transferlər ümidləri doğrultmur. Onların içində sən də varsan. Bu fikirlərə münasibətini bilmək maraqlı olardı.
- Başqaları haqqında fikir deyə bilmərəm. Bu düzgün də çıxmaz. O ki qaldı özümə, mənim problemim başqadır. Düzünü deyim ki, “Neftçi”yə öyrəşə bilmirəm. Bəlkə də bu ab-hava ilə bağlıdır. Elə bil ki, komandada ruh yüksəkliyi yoxdur.

- Deyəsən, “Neftçi”yə keçdiyinə peşmansan?
- Yox, peşman deyiləm. Sadəcə, bir amilə görə pis oluram. Klubumuzun prezidenti Sadıq Sadıqovun ümidlərini doğrultmuruq. O bizə hər cür şərait yaradıb. Lakin bunun qarşılığını verə bilmirik. Oyunumuzla bunun əvəzini verməliyik. Bunu başa düşürük. Təəssüf ki, bu, hələ də alınmır.

- “Neftçi”nin hazırkı vəziyyəti xoşagələn deyil. Söhbət təkcə uğursuz nəticələrdən getmir. Məsələ burasındadır ki, flaqmanın oyun dəst-xətti hiss olunmur. Bu fikirlə necə razısanmı?
- Razıyam, lakin bir fərqlə. “Neftçi”nin oyun dəst-xətti artıq neçə ildir ki, itib. Bu komanda özünə oxşamır. Sizə bir məsələni də etiraf edim ki, mən “İnter”də çıxış edəndə heç vaxt “Neftçi”yə keçmək istəməmişəm.

- Məhz bu səbəbə görə?
- Bəli. Təsəvvür edin ki, üç dəfə “Neftçi” ilə danışdım. Götür-qoy elədim, sonda yenə “yox” dedim. Hər halda, ən axırda Sadıq müəllimlə görüşdükdən sonra transferə razılıq verdim. Bu pulla və ya başqa səbəblə əlaqədar deyildi. Nəsə inandım ki, “Neftçi”də hər şey düzələcək. Əlbəttə, tək mənlə heç nə olmur. Komandanı mən düzəldəsi deyiləm ki... Bilirsiniz, Sadıq müəllim inanırdı və deyirdi ki, düzələcək. Bunun üçün hər şey edəcəyini deyirdi. O hər şey edir, amma biz futbolçular ümidləri doğrultmuruq.

- İlkin mərhələ başa çatandan sonra baş məşqçiniz Vaqif Sadıqov istefa verdi. O bunun səbəbləri barədə sizə heç nə demədi?
- Xeyr. Sadəcə sağollaşdı və bizə uğurlar dilədi.

- Bu sualı başqa səbəbə görə verdim. O istefa verəndə dedi ki, komandanı bura qədər gətirmişəm, bundan sonra başqasının işidir. Halbuki heç nə itirilməmişdi.
- O fikirlə razıyam ki, heç nə itirilməmişdi. Həm kubokda mübarizə aparırdıq, həm də çempionatda. İlk “altılıq”dan kənarda qalmamışdıq ki, şansımız itsin. Hər halda, son qərar onundur.

- Baş məşqçinin istefası sizə nə dərəcədə təsir etdi?
- Heç kim istəməzdi ki, o getsin.

- Arif Əsədov gələndən sonra nəsə dəyişibmi?
- Mən onun rəhbərliyi altında hələ 19 yaşadək futbolçulardan ibarət yığma komandada da oynamışam. O vaxt yığma tarixində ilk dəfə ilkin seçmə mərhələni adladı. Onunla işləmək çox rahatdır. Baş məşqçi çalışır ki, vəziyyəti düzəltsin.

- Səmimi danışaq, futbolçuların uğur qazanmağa inamı, istəyi qalıbmı?
- Düzü, bu barədə tam danışa bilmirəm. Məqsədimiz uğursuzluqdan çıxmaqdır. Son oyunlarda ya heç-heçə edir, ya da uduzuruq. Mənə ən çox təsir edən də budur.

- Sənin şəxsən inamın qalıbmı?
- Çempionluğa?

- Yox, medallara.
- Medallara var. O özümüzdən asılıdır. “İnter”lə oyunda dönüş yarada bilsək, bunu bacaracağıq.

- Bu böhranın səbəbini nədə görürsən?
- Komandanın öz oyun dəst-xəttinin olmamasında. Bəlkə də yanılıram. Amma məncə, bu belədir. Gör son illər neçə məşqçi dəyişilib? Hərəsi də öz oyun üslubunu tətbiq etməyə çalışır.

- Komandada hücumçular özlərini doğrultmur...
- Amma mən demək olar ki, oynamamışam. İlk oyunda qırmızı vərəqə alıb iki görüşü buraxdım. Axırıncı matçlarda isə son dəqiqələrdə meydana daxil olmuşam. O ki qaldı o birilərinə, transfer edib gətiriblər. Yəqin bacardıqları odur.

- Legionerlər ümidləri doğruldurlarmı?
- 10 nəfərdən beşi, bəlkə də altısı ümidləri doğrultmur.

- Bir az da yığma barədə danışaq. 21 yaşadək futbolçulardan ibarət yığma komanda səfərdə Şotlandiyadan xal alanda sən də heyətdə yer alırdın. Hətta görüşdən qabaq demişdin ki, ürəyimə damıb ki, uduzmayacağıq.
- Ürəyimə daman başıma gəldi (gülür). O qarşılaşmada yaxşı oynadıq. Azlıqda qalmaq belə bizə təsir etmədi. Bu mənim U-21-in heyətində ilk görüşüm idi. Açığı, U-21-ə yaşı düşən futbolçular əvvəldən oynasaydılar, indi final mərhələsinə çıxmaq uğrunda mübarizə aparardıq. Elvin Məmmədov, Vaqif Cavadov, Səlahət Ağayev, Ruslan Abışov, Maksim Medvedev, Rahid Əmirquliyev kimi oyunçular əsas yığmada oynadılar.

- İndi Rauf Əliyev, Əfran İsmayılov, Amit Quluzadə əsas yığmaya çağırılır, sən isə U-21-ə.
- Məni əsgərlik geri saldı. O vaxtdan bəri hələ də özümə gəlməmişəm. Etiraf edim ki, yaxşı oynaya bilmirəm. Hər halda, çalışacağam ki, ümidləri doğruldum.

- Yığma komandamız son iki görüşdə İordaniya və Lüksemburqu məğlub etdi. Bu görüşləri izlədinmi?
- İordaniya ilə matça canlı baxdım. Lüksemburqla oyunun isə fraqmentlərini izləyə bildim. Şotlandiyadan gec qayıtdığımız üçün matça canlı baxa bilmədim. Bu iki oyuna görə demirəm, əvvəldən demişəm ki, millinin baş məşqçisi Berti Foqtsa dəstək vermək, futbolçularımıza isə inanmaq lazımdır. Qələbə qazanmaq isə sevindiricidir. İki-üç ildən sonra böyük komandaları da udmağa qadir olacağıq.

- Əsas yığma komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacağ rəqibləri bilirsən. Bu il üç oyun keçirəcəyik. Ümumiyyətlə, seçmə mərhələ barədə fikirlərin necədir?
- Çətin rəqiblərdir. Amma Almaniya istisna olmaqla, istənilən komandadan xal almaq olar. Yaxşı hazırlaşsaq, çox müsbət nəticə qazanmaq olar. Almaniya ilə səfər görüşündə şansımız yoxdur. Mən elə düşünürəm. Avstriyada xal qazana bilərik. Türkiyə millisini isə Bakıda məğlub edəcəyik. Ürəyimə damıb ki, belə də olacaq. Buna inanıram.

Mənbə: “Futbol dünyası” qəzeti
0