Maradona Ronaldinyonu yığmada görmək istəyir
13.03.2010 - 00:09
Maradona Ronaldinyonu yığmada görmək istəyir
Braziliya yığmasının baş məşqçisi Karlos Dunqanın son oyunlarda “Milan”ın yarımmüdafiəçisi Ronaldinyonun xidmətinə ehtiyac duymaması adıçəkilən futbolçunun yayda CAR-da keçiriləcək mundiala getməyəcəyi barəsində düşünməyə əsas verir. Apasport.az saytının xəbərinə görə, milli komandanın keçmiş baş məşqçisi Mario Zaqallo Dunqanın bu addımını bəyənir. Lakin “Milan”ın yarımmüdafiəçisinin mundiala getməsinin tərəfdarı olanlar da var. Belə ki, Braziliyanın prezidenti Luis İqnasio Lula da Silva, “futbol kralı” Pele və Argentina yığmasının baş məşqçisi Dieqo Maradona 28 yaşlı futbolçunun milli komandanın heyətində dünya çempionatında iştirakının vacib olduğunu açıqlayıblar: “Ronaldinyo mundialda Braziliya yığmasının əsas fiqurlarından biri ola bilər”.

Xatırladaq ki, 1999-cu ildən formasını geyindiyi Braziliya yığmasının heyətində 87 oyunda 32 qol vuran Ronaldinyo sonuncu dəfə “pentakampeonlar”ın formasında 2009-cu ilin aprelində DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Peru ilə oyunda (3:0) çıxış edib.
0