"Olimpik-Şüvəlan" - "Standard" matçından sonrakı davanın təfərrüatları
13.03.2010 - 10:35
"Olimpik-Şüvəlan" - "Standard" matçından sonrakı davanın təfərrüatları
Futbol üzrə Unibank Premyer Liqasının XXIII turunda "Olimpik-Şüvəlan" və "Standard" komandaları arasında keçirilmiş oyundan sonra qalmaqal baş verib.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, matçın gedişində meydan sahiblərindən Tərlan Xəlilovla qonaqların futbolçusu David Çiçveişvili arasında yaranan mübahisə qarşılaşmanın ardından əlbəyaxa döyüşə keçib.

"Standard"ın gürcü futbolçuları Serqi Orbeladze ilə David Çiçveişvili Tərlan Xəlilova hücum ediblər. Çiçveişvili Xəlilova arxadan, Orbeladze isə qarnına təpik atıb. Bundan sonra hər iki komandanın futbolçuları məsələyə qarışıblar. Münaqişənin kütləvi qarşıdurmaya keçməsinə polislər və "Olimpik-Şüvəlan"ın mühafizə xidməti imkan verməyib.

Meydan sahiblərinin məşqçisi Səmədağa Şıxlarov isə baş hakim Rauf Cabbarova oyundakı idarəçiliyi ilə bağlı iradlar bildirib. Cabbarov Şıxlarova cavab qaytarıb. Bu zaman iki şəxs arasında "söz savaşı" yaşanıb.

Qeyd edək ki, "Olimpik-Şüvəlan" - "Standard" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
0