Qoran Pandev Azərbaycan yığması üçün “alışıb-yanır”
15.03.2010 - 15:06
Qoran Pandev Azərbaycan yığması üçün “alışıb-yanır”
Mayın 29-da yığmamızla qarşılaşacaq Makedoniya millisi Azərbaycan futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 9 ildir seçmə mərhələlərdə qələbə qazana bilməyən 21 yaşadək futbolçulardan ibarət komandamız sonuncu dəfə məhz makedoniyalıları məğlub etmişdi. 2001-ci ilin payızında baş tutan və Ramal Hüseynovun həlledici qolu ilə bitən görüşdən sonra (1:0) gənclərimizin “bəxti bağlanıb”. Həmin matçın qəhrəmanından fərqli, məğlubların düşərgəsində gələcəyin parlaq siması yer almışdı.

Qoran 9 il əvvəl Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionu başı aşağı tərk edən Makedoniyanın 21 yaşadək futbolçularından ibarət yığmasının oyunçusu idi. İndi isə vurduğu 23 qolla ölkəsinin əsas millisinin ən məhsuldar futbolçusudur. Pandev bu göstəricidə ötən mövsüm ölkəmizdə çıxış edən həmyerliləri Georgi Xristov və Artim Şakirini arxada qoyur. Xatırladaq ki, onlar müvafiq olaraq, “Bakı” və “Qarabağ”da oynayıblar.

Karyerasını İtaliyanın “İnter” klubunda davam etdirən Pandev U-21-mizin tarixi qələbəsinin qisasını heç olmasa Avstriyadakı yoldaşlıq oyununda almağa çalışacaq. Pandevin çıxış etdiyi həmin komanda isə hələ uzun müddət futbol tariximizdən silinməyəcək. Çünki milli və U-21 səviyyəsində yalnız həmin rəqibdən 6 xal almağı bacarmışıq. Belə ki, AÇ-2002-nin Makedoniyadakı qarşılaşmasında da millimiz qalib gəlmişdi – 2:1.

Makedoniya və Azərbaycan futbol yığmaları əsas (1:2, 0:3, 1:1), U-21 (2:1, 1:0) milliləri ilə yanaşı, U-19 səviyyəsində də üz-üzə gəlib. 2004/05 mövsümündə qitə birinciliyinin ilkin seçmə mərhələsində Nadir Qasımovun yetirmələri makedoniyalılardan xal ala bilməyib – 0:1.

İki ölkə klublarının qitə kuboklarındakı mübarizəsində isə mütləq bərabərlik hökm sürür. 1999/2000 mövsümündə Çempionlar Liqasının birinci təsnifat mərhələsində sevinən tərəf makedoniyalılar olmuşdu. 11 il əvvəl “Sloqa Yuqomaqnat” “Kəpəz”i səfər qolu sayəsində keçməyi bacardı – 1:0, 1:2. Bundan 9 il sonra isə eyni yarışın eyni mərhələsində “İnter” “Rabotniçki” üçün “qırmızı işıq” yandırdı. Maraqlıdır ki, bakılılar da “Sloqa Yuqomaqnat” kimi səfər qoluna sevindi – 0:0, 1:1.
0