Vaqif Qasımov: Əsəbi olanda sinirlərimə hakim ola bilmirəm
15.03.2010 - 18:05
Vaqif Qasımov: Əsəbi olanda sinirlərimə hakim ola bilmirəm
“Məşqçimiz Səmədağa Şıxlarovun “Standard”la oyunda həqiqətən də heç bir günahı yox idi. AFFA-nın İntizam Komitəsi də bunu təsdiqlədi və haqq-ədalət öz yerini tapdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımov deyib.

Unibank Premyer Liqasının son turunda “Standard”la oyunda adı qalmaqalda hallanan “təyyarəçilər”in təcrübəli məşqçisi Səmədağa Şıxlarovun baş hakim Rauf Cabbarovu döydüyü iddia edilirdi. Ancaq Şıxlarov saytımızda verdiyi açıqlamada bütün bunların doğru olmadığını bəyan etmiş və İntizam Komitəsi də bu gün onu haqlı çıxardı. Belə ki, qurumun iclasında çıxarılan qərarda məşqçinin oyunun baş hakiminə heç bir fiziki təsir göstərmədiyi, sadəcə, oyun epizodlarının biri ilə əlaqədar öz etirazını bildirdiyi qeyd olunub.

Oyunda baş verənlərə şahid olan Qasımov maraqlı açıqlama verib: “Kimə desən ki, Səmədağa Şıxlarov hakimi vurub, heç kim buna inanmaz. Yenə desəydilər ki, bunu mən etmişəm, inanardılar. Çünki əsəbi olanda sinirlərimə hakim ola bilmirəm. Bu zaman özümdən çıxıb, xoşagəlməz şey edə bilərəm. Ancaq Səmədağanı tanıyanlar onun belə hərəkət etmədiyini bilirlər. Sadəcə, məşqçimiz oyun epizodlarının birində hakimə düzgün qərar çıxarmağına görə etirazını bildirdi”.
0