Allan Lalin azarkeşlərə söz verdi: “Qarabağ”ı keçməliyik!
16.03.2010 - 17:01
Allan Lalin azarkeşlərə söz verdi: “Qarabağ”ı keçməliyik!
“Xəzər-Lənkəran” klubunun honduraslı hücumçusu Allan Lalinin apasport.az saytına müsahibəsi

- Sabah komandanızı Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”la vacib oyun gözləyir. Bu çətin sınağa necə hazırlaşırsınız?
- Mühüm oyuna çıxacağımızı başa düşürük. Hamı bir nəfər kimi, məsuliyyəti yaxşı dərk edir. “Qarabağ”la cavab görüşünə yaxşı hazırlaşmışıq. Həmin oyunun tez gəlib çatmasını gözləyirik. Bunu təkcə biz yox, azarkeşlərimiz də böyük səbirsizliklə gözləyir. Yarımfinala yol bu oyundan keçir. Ona görə də 1/4 finalda mütləq lazım olan qələbəni qazanmalıyıq.

- Səfərdə keçirilmiş ilk matçda 1:2 hesabı ilə uduzmusunuz. Bu nəticədən sonra yarımfinala çıxmaq şanslarınızı necə dəyərləndirərdiniz?
- Futbol ilk növbədə 90 dəqiqəlik mübarizədə ibarətdir. Ancaq onu da bilirik ki, bu kubok oyunu olduğu üçün qalibi müəyyənləşdirmək üçün əsas vaxt, hətta oyun sonrası penaltilər seriyası təyin edilə bilər. Ancaq bu haqda düşünmürük. Çalışacağıq ki, məsələnə elə 90 dəqiqədə həll edək. “Qarabağ”ı güclü rəqibdir, Azərbaycan kubokunun son qalibidir. Bu amil oyun öncəsi motivasiyamızı bir az da artırır. Bir sözlə, yarımfinala çıxmaq üçün yaxşı şansımız var.

- “Xəzər-Lənkəran” “Qarabağ”la keçirdiyi son 5 oyunda qələbə qazana bilmir. Bu statistikadan xəbəriniz varmı? Ümumiyyətlə, bu uğursuz statistikanı əhəmiyyətli sayırsınız?
- Qeyd etdiyiniz statistikadan xəbərim var. “Qarabağ”la son görüşlərdə oyunlarımız nəsə alınmır. Sabah bu uğursuz ənənəyə son qoymaq fikrindəyik. Azarkeşlərimizə sevinc bəxş etməyin yaxşı məqamı yetişib. Bunun üçün bütün bacardığımız ortaya qoyacağıq. Ölkə kubokunda qarşımızda duran vəzifə ən azı finala çıxmaqdır. Bunun üçün mütləq “Qarabağ”ı mütləq keçməliyik.

- Sizcə, “Qarabağ” “Xəzər-Lənkəran”la oyunlara xüsusi köklənir?
- Fikrimcə, təkcə “Qarabağ” yox, Azərbaycanda bütün komandalar “Xəzər-Lənkəran”a qarşı xüsusi motivasiya ilə oynayır. Onların başqa oyunlarını televiziyadan izlədikdən sonra belə qənaətə gəlirəm. Görürəm ki, başqa komandalara qarşı oyunları bizim görüşlə müqayisədə tam fərqlənir. Rəqiblərimiz “Xəzər-Lənkəran”la oyunlarda meydanda bütün canlarını qoyurlar. Əslində, buna yaxşı baxıram. Bu, “Xəzər-Lənkəran”a qarşı hörmətdən, məsuliyyətdən irəli gəlir və bu xeyrimizə olan amildir.

- “Qarabağ”ın heyətində milli komandamızda oynayan xeyli futbolçu var. Qapıçıları və kapitanları Fərhad Vəliyev yığmamızda oynayır. Rəşad Sadıqov müdafiə xəttinin lideri, milli komandamızın kapitanıdır. Belə arxa xətti malik, az qol buraxan komandanın qapısına necə yol tapmaq olar?
- Heyətinin böyük hissəsi azərbaycanlı futbolçulardan təşkil olunan “Qarabağ” yaxşı komandadır. Onlarda 21 və digər yaş qrupundan ibarət yığmalarınızda çıxış edən oyunçuların olduğunu bilirəm. Qapıçıları da yaxşıdır. Futbolçu həmişə yaxşı oynaya bilmir. Hər bir oyunçunun uğurlu günü də olur, uğursuz da. Bir oyun pis, digərində yaxşı oynaya bilərsən. 90 dəqiqədə müdafiə xəttində adi bir səhv oyunun taleyini həll edə bilər. Heç kim səhvdən sığortalanmayıb. Ancaq mən rəqiblərimizin yox, yalnız öz komandamın oyununu düşünürəm.

- “Altılığ”ın ilk turunda “Qəbələ”ni evdə böyük hesabla məğlub etdiyiniz oyunda dubl etməklə, qələbə böyük rol oynadınız. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq üçün mütləq qol vurmaq lazımdır və 1:0 hesablı qələbə də sizə yetərlidir. Lənkəranlı azarkeşlərə həmin vacib qolu vuracağınıza söz verə bilərsinizmi?
- Mən bunun üçün əlimdən gələni edəcəyimə söz verirəm. Komanda yoldaşlarımla birgə qələbə qazanmaq üçün əlimizdən gələni edəcək, meydanın hər qarşı uğrunda mübarizə aparacağıq.
0