Pasulko yeni klubunda “Xəzər-Lənkəran”dan və Berti Foqtsdan danışdı
17.03.2010 - 11:47
Pasulko yeni klubunda “Xəzər-Lənkəran”dan və Berti Foqtsdan danışdı
“Əlbəttə, “Atırau”nun futbolçuları ilə əvvəl tanış ola bilmədiyimə görə nəsə itirdim. Ancaq mən artıq bir dəfə belə vəziyyətdə olmuşam. Azərbaycana işləməyə dəvət etdilər. Həmin vaxt “Xəzər-Lənkəran”ı ilk dövrədən sonra qəbul etdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Viktor Pasulko deyib.

Ölkəmizdə yarım il çalışan ukraynalı mütəxəssis 2005/06 mövsümünün ikinci dövrəsində “Xəzər-Lənkəran”ı sükanı arxasında olub və məğlubiyyətsiz başa vurduğu çempionatdan sonra istefaya göndərilib. Hazırda rəhbərlik etdiyi Qazaxıstanın “Atırau” klubunu Lənkəran təmsilçisi ilə müqayisə edən Pasulko baş məşqçinin vəzifəsindən tez çıxarılmasını normal sayır: “Mən “Xəzər-Lənkəran”la çempionatın ikinci mərhələsində heç bir oyunda uduzmadım. “Atırau”dakı indiki vəziyyətim də buna oxşardır. “Xəzər-Lənkəran” kimi, bu komandanı da mən yığmamışam. Ancaq digər tərəfdən, bu, mənim üçün bir çağırışdır. Oyun qura, nəsə dəyişə, nəyisə yaxşılaşdıra, daha yüksək nəticə göstərə bilərəmmi? Bu, məşqçilik işimizin bir hissəsidir. Biz məşqçilər seçmirik. Bu gün səni dəvət edirlər, sabah çıxarırlar. Baxın, Visente Del Boske Çempionlar Liqasını qazandı, ancaq növbəti il onu “Real”dan qovdular. Bu, həyatdır. Çemodanımız daim yanımızda hazır olmalıdır. Biz bütün bunları başa düşürük. Bu gün mənəm, sabah başqası. Buna fəlsəfi cəhətdən yanaşmaq lazımdır”.

Uzun illərdir Almaniyada yaşayan Pasulko Qazaxıstan mətbuatına müsahibəsində Berti Foqtsdan da danışıb. “Xəzər-Lənkəran”a gələnə kimi Moldova milli komandasını çalışdırmış 49 yaşlı mütəxəssis yığmadakı həmkarlarının, o cümlədən Foqtsun nəticə baxımından həmişə böyük təzyiq altında olduğunu düşünür: “Fikir verin, qonşu ölkələrin hamısında öz yığmalarını tənqid edirlər. Azərbaycanda Berti Foqts kimi mütəxəssisi milli komandaya gətirdilər. O, bir neçə uğursuz oyun keçirəndən qışqırmağa başladılar – qurtardı, biabırçılıqdır, onu qovun. Hamı nəticə istəyir. Ancaq buna nail olmaq üçün planlı iş getməlidir. Bu isə uzun prosesdir. Görürəm ki, qazax futbolçular çalışırlar. İndi Moldova yığması daha oturulmuş heyətə malikdir. Üstəlik, moldovalı futbolçular Rusiya, Ukrayna, Azərbaycanda oynayırlar. Bəs qazaxıstanlı futbolçular harada oynayır? Yalnız öz çempionatlarında. Onlara vaxt verin və vəziyyət dəyişəcək”.
0