Bülənt Korkmaz: Ya final, ya istefa!
17.03.2010 - 12:00
Bülənt Korkmaz: Ya final, ya istefa!
“Bakı”nın baş məşqçisi Bülənt Korkmaz çalışdırıcılıq karyerası ərzində ikinci dəfə komandasını ölkə kubokunun yarımfinalına çıxarıb. Apasport.az saytının hesablamalarına görə, ölkəmizə gələnədək 4 klubda çalışmış 42 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandaların hamısı ilə kubokda uğurlu çıxış edib.

Korkmaz baş məşqçi kimi debüt mövsümündə Türkiyə kubokunun finalınadək irəliləyib. 2006/07 mövsümünün qış fasiləsində “Kayseri Ərciyəsspor”un “sükanı arxasına” keçərkən, kubokun qrup mərhələsi finiş xəttində idi. Son turda “Bursaspor”la həlledici səfər matçında iş başında olan Korkmaz yetirmələrinin 4:2 hesablı qələbəsinə sevinib. Bunun sayəsində 1/4 finala çıxan kayserililər əvvəl “Qalatasaray” (0:0, 0:0, əlavə vaxtda 1:1), sonra “Trabzonspor”u (1:0, 0:1, penaltilərlə 5:4) sıradan çıxarıb. Həlledici görüşdə Korkmazın yetirmələrini “Başiktaş” dayandırıb - əlavə vaxtda 1:0.

2007/08 mövsümündə Korkmaz kubok yarışlarını məğlubedilməz tərk edib. Onun rəhbərlik etdiyi “Bursaspor” ikinci mərhələdə “Boluspor”u 1:0 məğlub edib qrup turnirinə vəsiqə qazansa da, Korkmaza “yaxşı yol” deyiblər. Lakin mütəxəssis bu mərhələdə başqa klubla mübarizəyə qoşulub. Onun rəhbərlik etdiyi “Gənclərbirliyi” öz qrupunda 3 qələbə qazanaraq, yalnız 1 dəfə məğlub olub. Korkmaz “Vestel Manisaspor” (3:0), “Kırıkkalespor” (4:0), “Adanadəmirdpor” (1:0) və “Trabzonspor” (2:3) klubları ilə matçlarda iş başında olub. Lakin 1/4 final öncəsi onu istefaya göndəriblər. Türkiyədəki son iş yeri olan “Qalatasaray” isə Korkmazın gəlişinədək kubokdan kənarda qalmışdı.

Göründüyü kimi Korkmaz ölkə kuboku yarışlarında ya finala çıxar, ya da istefaya göndərilir. İndi “Bakı”da çalışan mütəxəssis 1/8 və 1/4 final mərhələlərini arxada qoyub final ənənəsini davam etdirməyə çalışacaq. Finala qədər heç bir komanda onu dayandıra bilmir.

Qeyd edək ki, “Bakı” cari mövsüm “Bakılı” (6:0, 0:0) və “Standard”ı (1:1, 3:1) mübarizədən kənarlaşdırıb.
0