Bermud yox, Bakı üçbucağı
17.03.2010 - 12:52
Bermud yox, Bakı üçbucağı
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Xəzər-Lənkəran” – “Qarabağ” oyununun qalibi Bakı üçbucağına düşəcək. Apasport.az saytının məlumatına görə, cütün qalibi ilə yarımfinalda mübarizə aparacaq digər 3 komanda ölkəmizin paytaxtını təmsil edir.

Artıq 4 ən güclü sırasına adını yazdıran “Olimpik-Şüvəlan” və “Bakı” ilə yanaşı, onların daha bir həmşəhərlisinin də 1/2 finala çıxacağı məlumdur. “İnter” – “Neftçi” görüşündə paytaxtın yarımfinaldakı üçüncü təmsilçisi müəyyənləşəcək. Dörd komandadan üçünün Bakını təmsil etməsi isə Azərbaycan kuboku üçün nadir hadisələrdəndir.

Tarixi 1992-ci ildən start götürən yarışda indiyədək yalnız iki dəfə belə hadisəyə təsadüf olunub. 1995/96 mövsümündə “Neftçi”, “Xəzri” və “Bakı fəhləsi” onlarla yanaşı, yarımfinala çıxan “Qarabağ”ı üçbucaqda məyus edib. Ağdamlılar final yüksəlsə də, orada flaqmana 0:3 hesabı ilə uduzub.

9 il əvvəl isə “Neftçi” ilə yanaşı, “Bakı” və “Şəfa” 1/2 finala adlarını yazdırmışdı. Paytaxt klubları arasına düşən “Turan” finala həsrət qalmaqla, həlledici görüşdə Bakı derbisinin baş tutmasına əngəl ola bilmədi. Paytaxt üçbucağı məşhur Bermud üçbucağı qədər təhlükəli olmasa da, bölgə komandalarına uğur gətirmir. Hər halda, indiyədək qeydə alınan say üstünlüklərində bakılılar kuboku paytaxtda saxlayıb.

Qeyd edək ki, Azərbaycan kuboku tarixində yalnız bir dəfə yarımfinalda paytaxt təmsilçisi olmayıb. Bu da 1993/94 mövsümünə təsadüf edib.
0