“Caqa” ikinci dəfə lotereyada uddu
17.03.2010 - 13:18
“Caqa” ikinci dəfə lotereyada uddu
“Olimpik-Şüvəlan” Azərbaycan kubokunda maraqlı tendensiyanı davam etdirdi. Apasport.az saytının hesablamalarına görə, son 11 ildə penaltilər seriyasında bir qayda olaraq meydan sahibləri qalib gəlir. “Təyyarəçilər” buna Zaqatalanın “Simurq” klubu evdəki cavab görüşündə nail olmaqla, tarixində ilk dəfə yarımfinala çıxdı.

Artıq 5 ildir turnirdə mübarizə aparan “Olimpik-Şüvəlan” “lotereya”dan qalib çıxmaqla, “Neftçi”, “Qarabağ”, “Xəzər-Lənkəran”, “İnter” və “Qəbələ”nin davamçısı oldu. Bu komandalar öz meydanlarında penalti zərbələrini dəqiq yerinə yetirmək bacarığını nümayiş etdirib. Düzdür, bu gün 1/4 finalda görüşəcək “Xəzər-Lənkəran”la “Qarabağ” həmin qələbəni təmsil etdikləri məkanlarda əldə etməyib. Ağdam təmsilçisi “İmarət” stadionu ermənilərin işğal altında olduğu üçün xeyli müddət ev oyunlarını Sumqayıtda keçirib. “Xəzər-Lənkəran” isə debüt mövsümündə Lənkərandakı doğma stadionunda tikinti işləri ilə əlaqədar rəqiblərini bir müddət Bakı və Sumqayıtda qəbul etməli oldu. Hər halda, “Qarabağ”la “Xəzər-Lənkəran” həmin vaxt nominal da olsa meydan sahibləri idi.

18-ci ildir keçirilən Azərbaycan kuboku tarixində yalnız bir dəfə finalda qalib oyun sonrası penaltilərlə müəyyənləşib. Meydan sahibləri ilə bağlı uğurlu seriyanın əsası də məhz həmin vaxt, yəni 1999-cu ilin mayın 28-də keçirilən “Neftçi” – “Şəmkir” oyununda qoyulub. Düzdür, finalda meydan sahibi olmasa da, hər halda, Tofiq Bəhramov adına Respublika stadionu uzun illərdir “Neftçi”nin arenasıdır. “Olimpik-Şüvəlan” penaltilər seriyasında qalib gəlməsində təcrübəli qapıçısı Cahangir Həsənzadəyə minnətdar olmalıdır. Çünki uzun illər milli komandamızın da “çərçivəsi”ni qoruyan “Caqa” ləqəbli futbolçu iki zərbəni dəf etməklə, cütün taleyini həll etdi.

Maraqlıdır ki, Həsənzadə 11 il öncəki finalda da penaltini dəf etmək bacarığını göstərərək, “Neftçi” ilə kuboku qazanıb. Bu, Cahangirin karyerasında nəinki ilk ölkə kuboku, ümumiyyətlə ilk titul olub.

Azərbaycan kubokunda son 11 ildə oyun sonrası penaltilər seriyası

1998/99 mövsümü, final
28 may


“Neftçi” – “Şəmkir” – 5:4
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1999/2000 mövsümü, 1/8 final mərhələsi
11 aprel


“Qarabağ” – “Turan” – 5:4 (ilk oyun - 1:0, cavab görüşü - 0:1)
Sumqayıt. “İnşaatçı” stadionu

2004/05 mövsümü, 1/8 final mərhələsi
1 dekabr


“Xəzər-Lənkəran” – “Karvan” – 5:4 (hər iki oyun - 1:1)
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

1/4 final mərhələsi, 15 mart

“İnter” – “Neftçi” – 4:3 (hər iki oyun – 0:0)
Bakı. “Şəfa” stadionu

2007/08 mövsümü, 1/4 final mərhələsi
19 mart


“Qəbələ” – “Bakı” – 4:3 (hər iki oyun – 1:1)
Qəbələ. Şəhər stadionu

2009/10 mövsümü, 1/4 final mərhələsi
16 mart


“Olimpik-Şüvəlan” – “Simurq” – 4:2 (hər iki oyun – 0:0)
Bakı. “Şəfa” stadionu
0