“Anam deyir ki, ağ dərili oğlunu gətir, biz də görək”
17.03.2010 - 13:51
“Anam deyir ki, ağ dərili oğlunu gətir, biz də görək”
Nigeriyalı Erik Obidikenin həyatında Azərbaycanın xüsusi yeri var. Apasport.az saytının məlumatına görə, Erik azərbaycanlı qızla ailə həyatı qurub. Onun artıq oğlu da dünyaya gəlib. Bu barədə məlumat verən futbolçu bildirib ki, oğlu özündən fərqlənir: “Məndən fərqli, oğlum ağdır. Quruluşca həm mənə, həm də anasına oxşayır. Oğlumun adı Rəvan soyadı Obidikedir. İndi onun hansı peşəni seçəcəyini deyə bilmərəm. Əsas sağlamlığı və ağıllı olmasıdır. İnanıram ki, layiqli övlad olacaq”.

Azərbaycanda doğulan körpəni Erikin Nigeriyada yaşayan ailəsi də görmək istəyir. Xüsusən də, anası tez-tez zəng vuraraq, Erikdən həyat yoldaşını və oğlunu Nigeriyaya gəlməsini tələb edir. Erik mayda vətəninə qayıtmağı düşünür: "Azərbaycanda yaxşı günlərim olub. Əlbəttə, övlad böyük nemətdir. O, mənimlə yanaşı, bütün ailəmin və yaxınlarımın çöhrəsini güldürüb. Anam deyir ki, ağ dərili oğlunu gətir, onu görək. Qoy uşaq bir az böyüsün onu anama göstərəcəyəm”.

Erikin son vaxtlar futbolda bəxti gətirmir. Belə ki, ciddi zədə alan 25 yaşlı müdafiəçi hazırda klubsuzdur: “Artıq zədəmi sağaltmışam. Lakin “transfer pəncərəsi” qapandığına üçün yayı gözləməliyəm. Karyeramı bərpa edəcəyimə inanıram”.

Xatırladaq ki, Erik ölkəmizdə “Şahdağ”, “Neftçi”, “Turan”, “Muğan” və MOİK-in formasını geyinib. Hazırda azad agent statusuna malikdir.
0