Roman Pokora Azərbaycandan getdi
17.03.2010 - 15:27
Roman Pokora Azərbaycandan getdi
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora Azərbaycanı tərk edib. Bu haqda apasport.az saytına açıqlamasında hazırda Ukraynada olan Pokoranın özü məlumat verib.

“Azərbaycan kuboku uğrunda “Olimpik-Şüvəlan”la uğursuz 1/4 final oyunundan sonra ölkənizi tərk etməyim lazım gəldi. Hazırda Kiyevdəyəm və martın 19-da geri qayıdacağam. Burda “Pro” kateqoriyalı lisenziya üzrə keçirilən seminarda iştirak edirəm. Əslində, mənim belə dərəcəm var idi. Sadəcə, vaxtı bitdiyi üçün növbəti 3 ilə uzatmaq lazımdır. Bu məqsədlə yenidən Kiyevdə kursa qatılmışam. Burada bir sıra tanışmış həmkarlarım, həmyerlilərim cəmləşib. Misal üçün, Oleq Bloxin, Gennadi Litovçenko, Andrey Bal, Vyaçeslav Qroznı, Oleq Lujnıy, Vadim Tişenkonun adını çəkə bilərəm. Bu gün kursa yekun vurulacaq. Sonda dəyirmi masa təşkil olunacaq və orada fikir mübadiləsi aparılacaq. Axşam saatlarında yeni diploma sahib çıxacağam”.

Qeyd edək ki, ilk “altılığ”a düşə bilməyən “Simurq” ölkə kubokunda mübarizəni oyun sonrası penaltilər seriyasında dayandırıb.
0