Xristo Stoiçkov istefa verdi
17.03.2010 - 15:31
Xristo Stoiçkov istefa verdi
Bolqarıstan futbolunun canlı əfsanəsi Xristo Stoiçkov baş məşqçi vəzifəsindən azad olunub. Apasport.az saytının məlumatına görə, 44 yaşlı çalışdırıcı Cənubi Afrika Respublikasının “Mamelodi Sandauns” klubu ilə yollarını ayırıb.

Hərçənd, onun adıçəkilən komandada daha çox işləmək şansı var imiş. Belə ki, bu il yanvarın 24-də rəhbərlik “Mamelodi Sandauns”un çempion olacağı təqdirdə, baş məşqçi Stoiçkov, onun köməkçisi Antonio Lopes Habas və fiziki hazırlıq üzrə məşqçi Migel Martines Qonsaleslə müqaviləni 3 illiyə artıracağını bildirmişdi.

Lakin “Mamelodi Sandauns” axırıncı turda büdrəyib. Bu klub son oyun ərəfəsində ən yaxın izləyicisi “SuperSport Yunayted”dən 1 xal irəlidə olsa da, martın 12-də öz meydanında “Santos”la heç-heçə (0:0) edərək, qızıl medalları əldən buraxıb. Yekunda “SuperSport Yunayted” 57 xalla birinci, “Mamelodi Sandauns” isə 56 xalla ikinci olub. Bundan sonra klub rəhbərliyi Stoiçkovla müqavilənin müddətini artırmayacağını bəyan edib. Dünən isə bolqarıstanlı məşqçi və digər iki çalışdırıcı “Mamelodi Sandauns”la vidalaşıb.

Qeyd edək ki, vaxtilə “Barselona”nın da şərəfini qorumuş Stoiçkov 1994-cü ildə dünyanın ən yaxşı futbolçusu olub. Ancaq onun məşqçi fəaliyyəti uğursuz alınıb. Stoiçkov “Mamelodi Sandauns”dan öncə Bolqarıstan yığması (2004-07-ci illər) və “Selta”da (2007-ci il) da nailiyyət qazanmağı bacarmayıb.
0