Pokora istefa vermək istəmir: “Əli Sami Yen” stadionunu yada salın
17.03.2010 - 15:38
Pokora istefa vermək istəmir: “Əli Sami Yen” stadionunu yada salın
“Ölkə kubokunda mübarizəni dayandırsaq belə, postumda qalmışam. Yeni mövsümdə də “Simurq”da çalışmaq istəyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Ötən mövsümün bürünc mükafatçısı olan “Simurq” Unibank Premyer Liqasında uğursuz çıxışı ilə yadda qaldı. İlk “altılıq”dan kənarda qalan Zaqatala təmsilçisi ölkə kubokunda da mübarizəni dayandırdı. Bu isə o deməkdir ki, əyalət komandası cari mövsüm nə mükafat, nə də avrokuboklara vəsiqə qazanacaq. Ancaq Pokora istefa vermək istəmədiyini bildirib: “Klub rəhbərliyi, sponsorlarla danışığımız olub ki, müqaviləmin sonuna qədər üzərimə düşən öhdəlikləri yerinə yetirəcəyəm. Anlaşmamız mayın 25-də başa çatır. Bundan sonra necə olacağını zaman göstərəcək. Mənə qalsa, “Simurq”la yollarımı ayırmaq istəmirəm. Çünki bu komanda mənim üçün doğmalaşıb. 4 ildir bu klubda çalışıram və nəsə etmişəm. Komandanı birinci liqadan güclülər dəstəsinə çıxan vaxtdan götürmüşəm və ildən-ilə tərəqqi olub. Bunun nəticəsində ötən mövsüm bürünc medalçı olduq, Avroliqada mübarizə apardıq”.

Pokoranın sözlərinə görə, komandası öz çıxışı ilə rəqiblərini hesablaşmağa məcbur edib: “Simurq” özünəməxsus imic yaradıb. Bizə qarşı, xüsusilə də öz meydanımızda oynamaq hər komanda üçün asan məsələ deyil. “Qalatasaray”ın “Əli Sami Yen” stadionunu yada salın. Orada stadionda belə yazılıb ki, “Cəhənnəmə xoş gəlmisiniz”. Bizim arena da rəqiblərimiz üçün təxminən belədir. Komandalar Zaqatalada oynamaqdan çəkinirlər. Uğursuz çıxışımıza gəlincə, bu, hər bir komandanın başına gələ bilir. Heç kim bundan sığortalanmayıb”.

Adı bir sıra ölkələr ətrafında hallan, hətta Çində işləmək variantı olan 62 yaşlı ukraynalı mütəxəssis indi başqa təklifləri nəzərdən keçirmək istəmir. Baxmayaraq ki, “Simurq” rəhbərliyi gələn mövsümdən yeni baş məşqçi ilə işləmək fikrindədir: “Hər şey ola bilər. İndidən durub nəsə qəti fikir söyləmək olmaz. Əgər birgə çalışdığımız insanlar mənə inanırlarsa, bunu itirə bilmərəm. Müqaviləm olduğu halda, başqa komanda ilə danışıq aparmıram. İndi bu haqda düşünmürəm. Bu, mənəvi, etik cəhətdən düzgün deyil. Mən bir peşəkar kimi anlaşmanın sonunadək işimi davam etdirəcəyəm”.
0