Mahir Şükürov: Omari Tetradzenin istefasının səbəbini bilirəm, “Anji” şokdadır
17.03.2010 - 16:10
Mahir Şükürov: Omari Tetradzenin istefasının səbəbini bilirəm, “Anji” şokdadır
“Baş məşqçimiz Omari Tetradze iki gündür məşqlərə çıxmırdı. Bu müddətdə komandaya hazırlığı onun köməkçiləri keçirdi. Tetradzenin istefası yalnız bu gün qəbul olunub”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” klubunun müdafiəçisi Mahir Şükürov deyib.

Qış fasiləsində Bakının “İnter” komandasından “Anji”yə keçən 28 yaşlı futbolçu xoşagəlməz olayla üzləşib. Belə ki, Mahiri transfer edən baş məşqçi Omari Tetradze Premyer Liqanın ilk turunda Nalçik “Spartak”ı ilə ev oyunundan (0:0) sonra postundan getməyi qərara alıb. Şükürov gürcü çalışdırıcısının gözlənilməz qərarına üzüldüyünü gizlətmədi: “Tetradze bu gün gəlib bizimlə görüşərək, getdiyini dedi. O, öz istəyi ilə vəzifəsini tərk edib. Tetradzenin otağında oldum və onunla ayrıca söhbətləşdim. Bağışlayın, aramızda olan söhbətləri sizə deyə bilməyəcəyəm. Tetradze artıq ilk turdan sonra istefa verirsə, deməli nəsə var. Hər halda, səbəb var ki, baş məşqçi gedir. Onun istefasının səbəbini bilsəm də, bunu açıqlaya bilmərəm. Gərək buna görə məni bağışlayasınız. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Ancaq təkcə mən yox, heç kim Tetradzenin getməsini istəmirdi. Futbolçuların hamısı şokdadır”.

Mahir bu gün axşam saatlarında yeni baş məşqçinin gələcəyini bildirib. Gözlənildiyi kimi, bu “Anji”ni əvvəllər də çalışdıran, əslən Dağıstandan olan Hacı Hacıyevdir: “Tetradzenin istefasını neçə gündür qəbul olunmurdu. Rəhbərlik onu fikrindən daşındırmağa çalışırdı. Ancaq mümkün olmadı və axır ki bu gün qərar verildi. Axşam saatlarında yeni baş məşqçinin komanda ilə görüşəcəyini deyiblər. Başqa namizədləri deyə bilmərəm, Hacı Hacıyevin adını çəkirlər. Bundan sonra öz üzərimdə daha çox çalışacağam. Əsas heyətdə yerimi itirmək istəmirəm. Məqsədim mövsümün sonuna kimi öz oyunumla start heyətində yer almağa layiq olduğumu sübut etməkdir”.
0