Əvvəl 50, sonra 30
17.03.2010 - 17:42
Əvvəl 50, sonra 30
Bakının “İnter” klubu baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında 50-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, ötən ilin yayında paytaxt təmsilçisinin “sükanı arxasına” keçən gürcüstanlı mütəxəssis “Neftçi” ilə ölkə kubokunun cavab 1/4 final matçına kimi 49 qola sevinmişdi.

Bu müddətdə bakılılar Avropa Liqasında 2, Azərbaycan çempionatının birinci mərhələsində 36, “altılıq”da 1, ölkə kubokunda 10 qol vurmuşdu. Sxadadzenin rəhbərliyi altında ilk dəfə rəqib qapısına yol tapan Asif Məmmədov çalışdırıcı üçün yubiley qoluna imza atdı.

Maraqlıdır ki, 24 yaşlı yarımmüdafiəçi “İnter”də indiyədək yeganə belə uğurunu 2008-ci il avqustun 10-da, debüt matçında yaşamışdı. 584 gündən sonra qapıya yol tapan Məmmədovun komandasının qazandığı qələbə də Sxadadze üçün əlamətdar olub.

Gürcüstanlı Azərbaycanda 30-cu dəfə stadionu qalib kimi tərk edib. Bu mövsüm “İnter”lə 15 çempionat və 3 kubok qarşılaşmasında qələbəyə sevinən mütəxəssis 2008-ci ildə çalışdığı “Standard”da 11 çempionat zəfərinə sevinmişdi. “Neftçi” üzərindəki bu günkü qələbə isə Sxadadzenin Azərbaycanda 30-cu, kubokda 4-cü qalibiyyətidir.
0