“Ən böyük arzum yığmanın formasını geyinməkdir” - MÜSAHİBƏ
18.03.2010 - 00:33
“Ən böyük arzum yığmanın formasını geyinməkdir” - MÜSAHİBƏ
Heyətində legionerlərə daha çox şans verən komandalardan biri də “Simurq” idi. Xüsusilə də ukraynalı və gürcüstanlı əcnəbiləri heyətinə cəlb edən Zaqatala təmsilçisinin düşərgəsində yerli futbolçunu çıraqla axtarmaq lazım gəlirdi. Cari birincilikdə iddiasını itirdikdən sonra “sarı-qaralar”ın rəhbərliyi islahatlar apardı və bir neçə legioner oyunçu ilə yollarını ayırdı. Təbii ki, əcnəbilərin sayının azaldılması nəinki əsas heyətə, heç “18-lik”ə də düşə bilməyən yerli oyunçulara meydana çıxmaq şansı yaratdı. Belə futbolçulardan biri də Rasim Ramaldanovdur. “Olimpik-Şüvəlan”la oyundan sonra söhbətləşdiyimiz 24 yaşlı futbolçu ilk dəfəydi ki, müsahibə verirdi. Həyəcanını boğa bilməyən gənc müdafiəçinin ən böyük arzusu isə əsas yığmanın formasını geyinməkdir. Təbii ki, ona ilk sualımız ölkə kubokunun 1/4 final mərhələsində yenə bilmədikləri “Olimpik-Şüvəlan”la görüş barədə oldu.

- Təbii ki, meydana qələbə qazanmaq məqsədi ilə çıxmışdıq. İlk oyunda qapılara qol vurulmadığından, demək olar, şanslar bərabər idi. Rəqib meydanında oynamağımıza baxmayaraq, heç də müdafiədə oturmaq haqqında düşünmürdük. Bunu oyunu izləyənlər də söyləyə bilərlər. Lakin bu gün istəyimizə çata bilmədik. Görünür, qismət belə imiş. Yarımfinala yüksələn komandanın kimliyi penaltilər seriyasında müəyyənləşdi. “Olimpik-Şüvəlan”a da uğurlar arzulayıram.

- Çempionat oyununda asanlıqla məğlub etdiyiniz “Olimpik-Şüvəlan”ı keçmək üçün “Simurq”a nə çatmadı?
- Maraqlı oyun keçdi. Həm bizim. Həm də rəqibin qol vurmaq üçün imkanları oldu. Ancaq heç birimiz fərqlənə bilmədik. Əslində biz ilk oyundakı imkanlardan lazımınca istifadə etməliydik. Əgər Zaqataladakı oyunda minimalhesablı qələbə qazana bilsəydik, mübarizəni davam etdirən tərəf biz olacaqdıq. Çünki bu tip komandalar arasında keçirilən oyunların taleyini adətən bir top həll edir. Ancaq qismətdən artığını reallaşdırmaq mümkün deyil. Həm də bir qədər artıq məşq etməli idik. Fikrimcə, “Simurq”da bu çatmırdı.

- “Olimpik-Şüvəlan” sizi hansı komponentlərdə üstələdi?
- Onlardan hansısa göstəriciyə görə geri qaldığımızı deyə bilmərəm. Meydanda bərabər səviyyəli oyun getdi. Hər iki komanda qol epizodu yaratdı. Cütün taleyi isə penaltilər seriyasında müəyyənləşdi. Yəni rəqibə oyun baxımından məğlub olmadıq. 120 dəqiqə ərzində hesab açılmadı. Nə isə... İdman xoşbəxtliyi “Olimpik-Şüvəlan”ın yanında oldu.

- 120 dəqiqə əvəzedilmədən oynadın. Yorulmadın?
- Qətiyyən. Heç 120 dəqiqə oynadığımı hiss etmirəm. Fiziki hazırlığım yerindədir. Ona görə də hansısa yorğunluqdan söhbət gedə bilməz. Bu tək mənə yox, ümumi komandaya aiddir.

- “Simurq” son illər mükafatlar uğrunda mübarizə aparıb. Hətta ötən mövsümü üçüncü pillədə bitirərək bürünc medal qazanmışdı. Lakin cari çempionatda komandanızın heç bir iddiası qalmayıb. Son şans kuboku qazanmaq idi. Ancaq yarımfinala yüksələ bilmədiniz. Komanda üçün mövsümün qalan hissəsini maraqsız hesab etmək olarmı?
- Düzdür, medal qazanmaq, eləcə də avrokuboklara vəsiqə əldə etmək şansımız yoxdur. Hazırda ikinci “altılıq”da qərarlaşmışıq. Heç bir iddiamız qalmasa da, komandanın adına, nüfuzuna görə mübarizə aparacağıq. Bu gün ikinci altılıqda ən çox xal bizim aktivimizdədir. Qalan oyunlara da qələbə əzmi ilə çıxacağıq. İndi məqsədimiz mövsümü 7-ci pillədə başa vurmaqdır. Həm də biz gənclərə verilən şansdan maksimum yararlanmağa çalışacağıq.

- Bəs sənin özün üçün qalan oyunlarda stimul nə olacaq?
- Ən azı sübut edəcəyik ki, “Simurq” bu yerlərə layiq komanda deyil. Bayaq qeyd etdiyim kimi, hər bir futbolçu qarşıdakı oyunlarda ona verilən şansdan maksimum yararlanmağa çalışacaq. Hər birimiz özümüzü yaxşı tərəfdən göstərmək və əsas heyətdə oynamağa layiq olduğumuzu sübut etmək niyyətindəyik. Mənim üçün əsas stimul irəli getmək, gələcəkdə yığmaya dəvət almaqdır. Bu, hər bir azərbaycanlı futbolçu kimi, mənim də arzumdur. İnşallah, istəyimə nail olaram.

- Sən heyətdə islahatlar aparılana qədər əsasən əvəzedici komandada çıxış edirdin. Əsas heyətdə meydana çıxmaq çətin deyil?
- Əvəzedici komandada oynasam da, mütəmadi olaraq məşq edirdim. Yəni gec-tez əsas komandaya dəvət ediləcəyimi gözləyirdim. Görünür, məşq prosesində özümü yaxşı tərəfdən göstərdiyimə görə, baş məşqçi Roman Pokora əsas heyətdə oynamağıma şərait yaradıb. Çətinliyə gəldikdə, özümü normal hiss edirəm. Hansısa çətinlikdən söhbət gedə bilməz. Məşqlərimi də əsas komanda ilə birgə edirəm.

- “Simurq”da ilk oyununu necə xatırlayırsan?
- İlk matçım ötən mövsümün sonuncu turuna təsadüf edir. “Xəzər-Lənkəran”la səfərdə keçirdiyimiz və 1:3 hesabı ilə məğlub olduğumuz oyunda 90 dəqiqə meydanda oldum.

- Ümumiyyətlə, nə vaxtdan “Simurq”un formasını geyinirsən? Özün haqqında məlumat verərdin...
- Futbol oynamağa 3-4 ildir başlamışam. Seçimlərdən sonra “İnter-2”yə dəvət edildim. Bir il bu komandanın formasını geyindim. Ardından hərbi xidmətə yollandım. Əsgərliyi qurtarana qədər Beyləqanın “Qara Bəbir” komandasında çıxış etdim. Hərbi xidməti başa vurduqdan sonra “Simurq” baxışa dəvət etdi. Sınaqdan üzüağ çıxdım və artıq iki ildir bu komandanın üzvüyəm.

- Adətən futbolu seçən hər bir kəs gələcəkdə hansısa klubun formasını geyinmək arzusu ilə yaşayır. Sən futbola başlayarkən, “Simurq”un oyunçusu olacağını düşünürdünmü?
- Niyə də yox. Bu komanda daim iddialı olub və yüksək yerlər uğrunda mübarizə aparır. Ona görə də dəvət gələndə heç düşünməyə ehtiyac olmadı. Klub rəhbərliyindən çox razıyam. Komandanın uğur qazanması üçün hər cür şərait yaradılıb. İnşallah, kluba xeyirli futbolçu olmağa çalışacağıq.

- Əsas komandada oynamağa tam hazırsanmı?
- Üzərimdə bir qədər də çalışsam, hə. Müdafiəçiyəm. Boy-buxunum, futbolçuya lazım olan qabiliyyətim var. İnşallah, yaxşı olar. Bir qədər təcrübə toplamağa ehtiyac var.

- Hansı futbolçu ilə oyunun daha yaxşı alınır?
- Ruslan Quncakla bir-birimizi yaxşı başa düşürük. Həm də ondan çox şey öyrənirəm. Əvvəllər komandamızın üzvü olan Aleksandr Malıginin də yetişməyimdə az əməyi olmayıb. Təcrübəli müdafiəçidən də müəyyən şeylər öyrənmişəm. Onların məsləhətlərini çox dinləmişəm.

Mənbə: “Futbol dünyası” qəzeti
0