“2 aylıq maaşım çoxlarının “podyomnı”sından çoxdur” - MÜSAHİBƏ
19.03.2010 - 18:25
“2 aylıq maaşım çoxlarının “podyomnı”sından çoxdur” - MÜSAHİBƏ
Yevlaxın “Karvan” klubunun hücumçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Keçmiş komandaların - "Xəzər Lənkəran" və "Qarabağ"ın oyunu qalmaqalla yadda qaldı. Bu barədə nə deyə bilərsən?
- Oyunun nəticəsindən xəbərim var. Məncə, azarkeşlər maraqlı qarşılaşma izləyiblər. Artıq başqa klubun oyunçusuyam, onlarla heç bir işim yoxdur.

- Səfərdə məğlub olan "Xəzər Lənkəran"ın növbəti mərhələyə adlayacağını gözləyirdin?
- Belə oyunların taleyini bir qol həll edir. Əgər “Qarabağ” ilk dəqiqələrdə qol vursaydı, qələbə qazanacaqdı. Görünür, "Xəzər Lənkəran" ilk oyundakı məğlubiyyətdən dərs çıxarıb.

- “Karvan”da vəziyyət necədir, futbol oynamaq üçün şərait var?
- Bu komanda mənim futbolçu karyeramda xüsusi yer tutur. Burada parladıqdan sonra "Xəzər Lənkəran"a keçmişəm. Yunis Hüseynov həqiqətən də gözəl kollektiv formalaşdırıb. Biz bütün oyunlara qələbə qazanmaq əzmi ilə çıxırıq.

- Sabah Yevlaxda "Muğan"ı qəbul edəcəksiniz. Bu oyunda sizi hansı nəticə qane edəcək?
- Ancaq qələbə. Bilirsiniz ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmışıq. İndiki vəziyyətdə əsas məqsədimiz elitada yerimizi qorumaqdır. Bütün oyunlarda qələbədən başqa, heç bir nəticə bizə sərf etmir.

- “Xəzər Lənkəran”da və “Qarabağ”da çıxış edəndə ölkənin ən yüksək ödənişli futbolçularından idin. Maraqlıdır, “Karvan”a gedəndən sonra gəlirin azalmayıb ki?
- Bunun elə bir əhəmiyyəti yoxdur. Hələ ki, "Qarabağ"la müqaviləm var. "Karvan"da icarə əsasında çıxış edirəm. Yəni dövrələrarası fasilədə əvvəlcədən hər hansı bir məbləğ almamışam. Amma iki aylıq maaşım əksər futbolçunun “podyomnı”sından çoxdur.

- Hələ də köhnə xasiyyətini tərgitməmisən. İlkin mərhələnin sonlarında hakimlərlə razılaşmadığın üçün 2 oyunluq cəzalandırıldın...
- Mən hər hansı bir neqativ hərəkət etməmişdim. Sadəcə, məni cəzalandırmaq istədilər və etdilər.

- İkinci dəfə oynadığın "Karvan"da hələ ki, fərqlənə bilməmisən. "Muğan"la oyunda qol hesabını açacağına inanırsan?
- Formaya təzə-təzə düşdüyüm vaxtda məni 2 oyunluq cəzalandırdılar. Düzdür, "Xəzər Lənkəran"a qarşı oyunda 90 dəqiqə meydançada oldum. Amma bu görüşün heç bir əhəmiyyəti yox idi. "Xəzər Lənkəran" ilk "altılıq"da yerini təmin etmişdi, bizim isə şanslarımız yox idi. Adam heç meydançaya çıxıb oynamaq istəmirdi. Ümumiyyətlə, mən hər oyunda qol vurmaq istəyirəm. İnanıram ki, "Karvan" "Muğan" üzərində qələbə qazanacaq və mən buna töhfə verəcəyəm.

- Baş məşqçi Yunis Hüseynov deyib ki, hazırkı heyət üzvlərinin xidmətindən gələn il də yararlanmaq istəyir. Gələn mövsümdə Yevlaxda qalıb oynamaq fikrin var?
- "Karvan"ın yaxşı bazası futbol ənənələri var. Biz həm Yevlaxda həm də, Bakıda məşq etmək imkanına malikik. Hüseynova bizə inandığına görə, təşəkkür edirəm. Hələ mövsümün sonuna var. Eyni zamanda, bizim elitanı tərk etmək təhlükəsi də mövcuddur. Belə vəziyyətdə yeni müqavilə barədə düşünmək düzgün deyil. Əvvəlcə indi qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməliyik.

- Həmişə Bakı komandalarında oynamaq istədiyini demisən. Hətta "Xəzər Lənkəran"dan da buna görə, ayrıldın. Maraqlıdır, Yevlax mühiti səni sıxmır?
- Rayonda vəziyyət hansı məşqçi ilə işləməyindən asılı olaraq dəyişir. Niyə Yevlaxda Yunis Hüseynovla, Lənkəranda Ağasəlim Mircavadovla çalışanda problem çıxarmadım? Məhz Rasim Karanın gəlişindən sonra Lənkəranı tərk etdim? Bəzən məşqçi oyunçunu futboldan, həyatdan bezdirir. İndi karyera haqqında düşünürəm. Bu mənada rayonda oynamağım daha məqsədəuyğundur.

- Son zamanlar yığma komandaya da çağırılmırsan. Ümumiyyətlə, nə vaxtsa yenidən milli komandanın formasını geyinmək istəyirsən?
- Yığmada uzun müddət oynamışam. Əlbəttə, millinin formasını geyinmək tamam başqadır. Futbolçu üçün milli karyerası xüsusi önəm kəsb edir. Məni heç kim yığmadan kənarlaşdırmayıb, millinin qapısını öz üzümə özüm bağlamışam. Artıq gənclərə yer vermək lazımdır. Azərbaycan futbolunun inkişafı yetişməkdə olan yerli uşaqlardan asılıdır, hansısa legionerdən yox.

- Artıq 34 yaşın var və karyeranın qürub çağlarındasan. Futboldan gedəcəyin vaxtı özün üçün müəyyənləşdirmisən?
- Çətin sualdır. Əlbəttə, nə vaxtsa futbolçu karyeramı bitirməliyəm. Gəlməyi bacardığın kimi, getməyi də. Məncə, bu illərdə müəyyən şeylər edə bilmişəm. Amma hələ ki, futboldan doymamışam. Özümdə oynamaq, mübarizə aparmaq üçün güc və qətiyyət hiss edirəm. Hər halda, nə vaxtsa getməliyəm. Bu hadisəyə özümü indidən hazırlayıram.
0