“Bakı”nın üç legioneri “Neftçi”yə qarşı oynamayacaq
19.03.2010 - 18:40
“Bakı”nın üç legioneri “Neftçi”yə qarşı oynamayacaq
“Bakı” klubunun üç futbolçusu Unibank Premyer Liqasının XXIV turu çərçivəsində “Neftçi” ilə səfər oyununda iştirak etməyəcək. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın legionerlərindən seneqallı qapıçı Xalidu Sissoko, hollandiyalı yarımmüdafiəçi Adnan Bərəkət və nigeriyalı hücumçu Əhməd Ticaninin martın 21-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək görüşdə iştirak etməyəcəyi dəqiqdir.

Bir müddətdir zədəli olan Ticani ilə Bərəkət hələ komanda ilə deyil, fərdi çalışır. Sissokonun da sağlıq durumunda problem yaranıb. Hazırda özünü yaşı hiss edən Xalidu 2-3 gündən sonra sıraya dönərək, komandanın məşqlərində iştirak edəcək.

Qeyd edək ki, “Bakı”nın bu gün məşqinin Respublika stadionunda keçirilməsi gözlənilsə də, hazırlıq prosesi klubun bazasında baş tutub. Qar komandanın məşq planında dəyişikliyə səbəb olub. Son ölkə çempionu “Neftçi” oyunqabağı son məşqini görüş keçirilən stadionda keçəcək.
0