Bülənt Korkmaz: Növbəti oyunlarda da uğurlu çıxış etməyə çalışacağıq
19.03.2010 - 19:04
Bülənt Korkmaz: Növbəti oyunlarda da uğurlu çıxış etməyə çalışacağıq
Bu gün “Bakı”nın futbolçuları ilə azarkeşləri arasında görüş keçirilib. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klubun bazasında baş tutan görüşdə türkiyəli baş məşqçi Bülənt Korkmaz da iştirak edib.

“Bakı”nın məşqindən öncə arenada yer alan fanatlar bütün məşq boyu sevimli futbolçularını dəstəkləyib, müxtəlif şüarlar səsləndirməklə onları və məşqçilər korpusunu ruhlandırıb.

Məşq prosesinin ardından azarkeşlərlə komanda üzvləri şirniyyat süfrəsi arxasında əyləşib. “Bakı”nın fan-klubunun rəhbəri Ruslan Hənifəyev azarkeşlər adından komanda üzvlərini ölkə kubokunda yarımfinala çıxmaq və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Növbəti oyunlarda uğurlar arzulayan azarkeşlər “Bakı”nın bu mövsüm “qızıl dubl” edəcəyinə ümid etdiklərini və bu yolda sonadək komandaya dəstək olacaqlarını bildirib. Korkmaz da futbolsevərlərə təşəkkür edərək, onların bayramını təbrik edib. Türkiyəli mütəxəssis eyni zamanda növbəti oyunlarda da uğurlu çıxış etməyə çalışacaqlarını söyləyib.

Qeyd edək ki, görüşün sonunda futbolçular fanatlarla ayrı-ayrılıqda şəkil çəkdirərək, onlara avtoqraf paylayıb.
0