“Mənimlə maraqlanan klublar var” - MÜSAHBƏ
20.03.2010 - 00:35
“Mənimlə maraqlanan klublar var” - MÜSAHBƏ
Avropa çempionatının elit raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət milli komandamız İtaliyada beynəlxalq turnirdə iştirak edəcək. Bir neçə gün əvvəl Almaniyada təşkil olunan təlim-məşq toplanışını başa vuran Bernhard Lippertin komandası məsul yarışa ciddi hazırlaşır. Biz də komandadakı son vəziyyətlə bağlı U-19-un kapitanı Mirhüseyn Seyidovla söhbətləşmək qərarına gəldik. Təşkil olunan toplanışların xeyirli olduğunu deyən gənc futbolçu məhz bu cür turnirlərdə özlərini göstərə bildiklərini deyir. Seyidovla söhbətimizə də məhz Almaniyada keçirilən təlim-məşq toplanışından başladıq.

- Əvvəlcə, AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, milli komandalara bu cür yüksək səviyyəli şərait yaradır. Bizim kimi gənc futbolçular ölkə xaricində təşkil olunan təlim-məşq toplanışının bəhrəsini görür. Almaniyada təşkil olunan hazırlıq mərhələsinin də böyük köməyi oldu. İstər-istəməz başqa mühitdə olursan, fərqli meydanda məşq keçirsən, güclü rəqiblərlə qarşılaşırsan. Şübhəsiz, bu da oyunumuza müsbət mənada öz təsirini göstərir. Oradakı hazırlıqda məşqçilər U-19-a yeni dəvət olunan futbolçuları sınaqdan keçirdilər.

- Hazırlıq çərçivəsində 3 yoxlama görüşü keçirsəniz də, qol vura bilmədiniz. Ümumiyyətlə, nəticələr oyuna görə oldu?
- Hər futbolçu meydana çıxanda qələbəni düşünür. Biz də həmçinin. Hesabın nəticəyə görə olduğunu deyə bilmərəm. Çünki yaxşı oynadıq. Ancaq rəqiblərin güclü olması işimizi bir qədər çətinləşdirdi. Ona görə də qol vura bilmədik. Məncə, bunlar əsas götürülməməlidir. Çünki bunlar adından da göründüyü kimi yoxlama görüşləridir. Bu cür oyunlarda səhvlərimizi görüb nəticə çıxarmağa çalışırıq. Həmin matçlarda buraxdığımız səhvləri baş məşqçimiz Bernhard Lippert izah etdi. Çalışacağıq ki, növbəti oyunlarda eyni səhvləri təkrarlamayaq.

- U-19 elit-raunda hazırlıq çərçivəsində daha bir beynəlxalq turnirdə iştirak edəcək. İtaliyada təşkil olunacaq turnirdə “Yuventus”, “Marsel” kimi komandalarla qarşılaşacaqsınız. Bu sizə nə dərəcə kömək edəcək?
- Elit-raund öncəsi bu, bizim son hazırlığımız olacaq. Ona görə də həmin turnirə ciddi yanaşırıq. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Keçiriləcək oyunları seleksiyaçı məşqçilər də izləyəcək. Bu da futbolçularımızın oyununa müsbət mənada öz təsirini göstərəcək. Hər futbolçu istəyir ki, karyerasını ölkə xaricində davam etdirsin. Məhz bu cür beynəlxalq səviyyəli turnirlərdə özümüzü yaxşı tərəfdən göstərib Avropa klublarına keçmək ehtimalımız artır. Hesab edirəm ki, İtaliyadakı turnirin elit-raunda hazırlıq baxımından böyük təsiri olacaq. İstər-istəməz oyun təcrübəmiz çoxalır, uşaqlar meydanda bir-birini daha yaxşı başa düşür və s.

- Elit-raundun qrup mərhələsində Türkiyə, Norveç, İspaniya kimi güclü komandalar yer alıb. U-19-un kapitanı kimi sən komandanın şansını necə dəyərləndirirsən?
- Biz ilkin mərhələdə də güclü komandalarla düşmüşdük. Buna baxmayaraq, qrupdan çıxmağı bacardıq. İndi bizi daha çətin sınaq gözləyir. Çalışacağıq ki, Azərbaycanın adına layiq mübarizə aparaq. Nə cür məsuliyyət daşıdığımızı yaxşı dərk edirik. Bilirik ki, bu cür komandalarla görüşdə buraxılacaq bir səhvi rəqib dəyərləndirəcək. Elit raundda keçirəcəyimiz bütün oyunlara ciddi yanaşırıq. Baş məşqçimiz Bernhard Lippert bizi oyuna necə kökləmək lazım olduğunu yaxşı bilir. Şanslara gəlincə, bu, futboldur. Futbolda hər şey olur. Hesab edirəm ki, digər komandalar kimi bizim də şansımız var. Ora uduzmağa getmirik.

- U-19-un üzvü olmaqla yanaşı, U-21-in Şotlandiya ilə keçirdiyi son oyuna dəvət olundun. Bernhard Lippertin səni U-21-ə dəvət edəcəyini gözləyirdinmi?
- Baş məşqçimiz bizim nəyə qadir olduğumuzu bilir. Hər dəfə söhbət zamanı deyirdi ki, sizə şans verəcəyəm. Şotlandiya ilə oyunda bizi dəvət etdi. U-21-də işlər heç də qaydasında getmir. Komanda necə ildir ciddi nəticə əldə edə bilmir. Şəxsən mən Şotlandiya ilə oyunda verilən şansı yaxşı qiymətləndirdiyimi düşünürəm. Düzdür, qırmızı vərəqə aldığımıza görə əvəzləndim. Amma ümumi götürsək, komandamız pis oynamadı. 1 saat azlıqda oynadıq. Əgər qırmızı vərəqə almasaydıq, qələbə də qazana bilərdik. Ancaq futbolda belə hallar olur. Əgər bundan sonra yenə dəvət olarsa, komanda üçün nə bacarıramsa edəcəyəm.

- Səni U-21-in daimi üzvü hesab etmək olarmı?
- Bu barədə danışmaq hələ tezdir. Çünki bütün diqqətimizi elit-raunda yönəltmişik. U-21-ə dəvət almışam deyə, U-19-u unutmamalıyam. Düzdür, U-21 daha yaxşıdır, ancaq hazırda U-19-a daha çox lazım olduğumu düşünürəm.

- Bəs öz komandanda işlər necə gedir? “Neftçi” son oyunlarda uğursuz çıxışı ilə diqqət çəkir. Səni də əsas komandaya dəvət ediblərmi?
- Bəli, əvəzedici heyətdən 4 nəfər, mən, Araz Abdullayev, Tərlan Quliyev və Amit Quluzadə artıq əsas komanda ilə birgə məşq edirik. Sənədlərimiz də həll olunub. Bizi Antalyadakı toplanışa da aparmışdılar. Hər gənc futbolçu kimi, şans verilməsini gözləyirik. Nə vaxt şans verərlərsə, özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. “Neftçi” ilə birgə məşq edirik, oyundan bir gün əvvəl açıqlanan ilk “18-lik”də adamız olmayanda, əvəzedici komandaya kömək edirik. Komandanın içində olan bir şəxs kimi heç bir problemin olmadığını müşahidə etmişəm. Nədənsə son vaxtlar uğursuzluq zolağına düşmüşük. Amma “Neftçi” böyük komandadır. Qısa zaman ərzində bunun öhdəsindən gələcəyinə əminəm.

- Artıq “Neftçi”nin bir neçə üzvünə Rusiya və Avropanın bəzi klubları göz dikib. Konkret olaraq, “Rubin” gənc futbolçulara maraq göstərir. Araz Abdullayev, Tərlan Quliyev, Amit Quluzadə və səni transfer etmək istədiyi deyilir. Bununla bağlı nə deyə bilərsən?
- Bayaq dediyim kimi, hər futbolçu karyerasını ölkə xaricində davam etdirmək istəyir. Rusiya klublarının bizim kimi gənc futbolçulara maraq göstərməsi sevindirici haldır. Ancaq təkcə “Rubin”lə kifayətlənməməliyik. Daha böyük klubların diqqətini çəkməliyik. “Rubin”in bizə maraq göstərməsinin əsas səbəbi Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnir oldu. Həmin turniri çoxlu seleksiyaçı-məşqçilər izləyirdi. Onlar bizim oyunumuzu bəyənib məsləhət görüblər. Yoxsa “Rubin” bizim oyunumuzu harada görmüşdü? Ona görə deyirəm ki, beynəlxalq turnirlərin böyük xeyri olur.

Mənbə: “Futbol dünyası” qəzeti
0