“Anji”nin məşqçisi Mahir Şükürovu müdafiə edib
22.03.2010 - 11:36
“Anji”nin məşqçisi Mahir Şükürovu müdafiə edib
Rusiyanın “Anji” klubunun məşqçisi Arsen Akayev azərbaycanlı futbolçu Mahir Şükürovu müdafiə edib. Apasport.az saytının məlumatına görə, Omari Tetradzenin baş məşqçi postundan istefasından sonra komandanı Rusiya Premyer Liqasının 2-ci turunda “Amkar”la səfər oyununa (0:1) çıxaran 39 yaşlı çalışdırıcı milli komandamızın da üzvü olan Mahirin meydandan qovulması nəticəsində çətin vəziyyətdə qalıb. Belə ki, oyunun Yekaterinburqdan olan baş hakimi Vyaçeslav Popov Şükürova iki dəqiqəyə iki sarı vərəqə göstərib. O, 39-cu dəqiqədə müdafiəçini idmançıya yaraşmayan hərəkət, bundan 2 dəqiqə sonra kobud oyuna görə cəzalandırıb.

Mahirin qırmızı vərəqə alaraq meydandan qovulması nəticəyə təsir göstərib. Hər halda, oyunun yarıdan çoxunu azlıqda keçirməli olan “Anji” məğlubiyyəti ilə nəticələnən qolu da həmin vaxt (75-ci dəqiqədə) buraxıb. Ancaq bütün bunlara baxmayaraq, “Anji”nin məşqçisi Şükürovu yox, baş hakimi qınayıb: “Mənə elə gəlir ki, hakim futbolçumuzu meydandan qovmaqla bizə qarşı həddən artıq sərt oldu. Səfərdə 10 nəfərlə oynamaq çox çətindir. İlk hissənin ikinci yarısında biz heç də pis kombinasiyalı oyun göstərmədik. Təkbətək mübarizələrdən qalib ayrılmağa çalışırdıq. Hesab edirəm ki, “Amkar”la oyunda qol vurmağa layiq idik”.

Qeyd edək ki, Mahir “Anji”nin Premyer Liqaya qayıtdıqdan sonra ilk məğlub olduğu oyunda aşağı qiymət alıb. Rusiyanın nüfuzlu “Sovetski Sport” qəzeti Mahaçqala klubunun heyətində ən aşağı qiyməti (4 bal) məhz 28 yaşlı futbolçumuza verib. Bu ölkənin digər nüfuzlu nəşri “Sport-Ekspress” də Şükürovun çıxışını aşağı qiymətləndirsə (5 bal) də, hər halda, fərqli məqamlar var. Əvvəla, qiymət “Sovetski Sport” kimi aşağı deyil. Bundan əlavə, “Sport-Ekspress” ən aşağı balı təkcə Mahirə yox, “Anji”nin ümumilikdə 5 futbolçusuna verib.
0