Hacıyev komandanı telefonla idarə edir
22.03.2010 - 13:30
Hacıyev komandanı telefonla idarə edir
Tanınmış mütəxəssis Hacı Hacıyev azərbaycanlı futbolçu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunda fəaliyyətə başlayıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi ilə ilkin danışıqlar aparan dağıstanlı məşqçi Mahaçqala təmsilçisinin Şükürovun qırmızı vərəqə aldığı Rusiya Premyer Liqasının 2-ci turunda Permin “Amkar” klubu ilə səfər oyununu tribunadan izləyib. Vaxtilə çalışdırdığı komandaya yardımçı olan Hacıyev bunu telefon vasitəsilə edib.

Belə ki, təcrübəli çalışdırıcı həmin vaxt ehtiyat oyunçular skamyasında olan gənc həmkarı Arsen Akayevlə daim əlaqədə olub. Bunu təsdiqləyən “Anji”nin məşqçisi Hacıyevin oyunun gedişində dəyişiklər etdiyini deyib. Hacıyev ayrı-ayrı epizodlarda taktiki planda məsləhətlər verdiyini bildirib: “Daha heç bir kömək edə bilməzdim. Çünki indiki “Anji”ni pis tanıyıram. Bir də ki keçmiş baş məşqçi Omari Tetradzenin istefa qərarı məni Birləşmiş Ərəb Əmirliklərində yaxaladı. Yalnız ötən cümə axşamı Rusiyaya qayıtsam da, Mahaçqalada cəmi iki saat oldum. İşlərim məni Moskvaya yollanmağa məcbur etdi. Nəticədə “Anji”nin rəhbərliyi ilə müqavilə məsələsini müzakirə etməyə vaxt tapmadım. Razılaşdıq ki, komandaya bu mərhələdə kömək edəcəyəm. Çox güman, daha gediş söhbət yaxın günlərdə olacaq. Ancaq ilk öncə kollektivi daha yaxşı tanımalıyam”.

İki müxtəlif dövrdə çalışdırdığı “Anji”nin indiki perspektivi haqda danışan dağıstanlı mütəxəssis vaxt istəyib: “Amkar”la oyun pis alınmadı. Hər halda, komanda oyuna görə meydan sahiblərindən pis təsir bağışlamırdı. Ancaq yenə də deyirəm ki, çox futbolçuların potensialı mənə tanış deyil. Əlbəttə, heyəti gücləndirmək lazımdır. Ancaq bunun üçün obyektiv çətinliklər var. Məlum səbəblərdən seleksiya işlərini görə bilmərəm. Yeni futbolçuları tez-bazar almaqla isə səhv etmək riski var. İstənilən halda, bu mövsümdə çətin vəzifələri həll etməliyik. Vəziyyətdən baş çıxarmaq üçün mənə bir az vaxt verin. Əminliklə deyirəm ki, “Anji”nin turnir cədvəlindəki taleyinin necə olacağını hələ hətta təsəvvür belə etmirəm. Bir şey sevindirir ki, klubun və respublikanın rəhbərliyi nəinki komandanın uğurlu çıxışında, ümumiyyətlə, regionda futbolun inkişafında maraqlıdır. İnanın ki, bu, bir dəqiqəlik nəticədən çox-çox vacibdir”.

Qeyd edək ki, “Anji” tarixində ən yaxşı nəticəni – Premyer Liqada 4-cü yer və avrokuboklarla vəsiqəni məhz Hacıyevin vaxtında qazanıb.
0